Azərbaycanda inflyasiya tempi yüksəlib:“Kredit faizləri artacaq və...”

Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında uçot dərəcəsindən danışıb. Baş bankir qeyd edib ki, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda təzyiqlərin qalması əsasında verilib. Onun sözlərinə görə, dünya bazarlarında qiymətlərin artması, ticarət tərəfdaşlığı olan ölkələrdə yüksək inflyasiya gözləntilərinin olması və inflyasiya gözləntilərinin yüksəlməsi bu qərara təsir göstərib:

“Qərara təsir edən əsas daxili amillərə isə pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi olub. Statistikaya əsasən,sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib”.  

Bəs inflyasiya tempində müşahidə olunan bu artım bizim üçün nəyi ifadə edir? Bundan sonra əhali hansı çətinliklərlə qarşılaşacaq?

Suallarımızı cavablandıran iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, bahalaşma daha da sürətlə gedəcək. Sahibkarların və vətəndaşların ucuz maliyyə resurslarına çıxışı daha da məhdud olacaq: 

“Kredit faizləri artacaq və belə olduqda bizi iqtisadi baxımdan yaxşı nələrinsə gözlədiyini demək, düşünmək mümkün deyil. Qeyd edim ki, bütün dünyada iqtisadi fəallığı artırmaq üçün mərkəzi banklar uçot dərəclərini aşağı salırlar, kommersiya bankları ucuz kreditlər verirlər ki, iqtisadi fəallıq artsın,  sahibkarların xərci azalsın .Bizdə isə bunun tamamilə əksini görürük”. 

N.Bəydəmirli  vurğulayıb ki , proses belə  davam edərsə, sahibkarlar və vətəndaşlar pulsuzluqdan əziyyət çəkməkdə davam edəcəklər:

“Əslində pandemiya dövründən sonra iqtisadi fəallığı artırmaq üçün  bir sıra tədbirlər görülməli idi. Mən isə bunun  tam əksini müşahidə etdim. İqtisadiyyat  Nazirliyinin xətti ilə onun tabeliyində olan İpoteka və Kredit Zəmanət Fondu  vasitəsilə son aylarda  sahibkarlara verilən kredit  faizlərinin yarısını həmin zəmanət fondu bağlayırdı,  həmçinin girovun 60 faizini onların qarşılaması şərti ilə belə bir təşviq siyasəti var idi . Buna görə bu vəsaitlərə tələbat  üç-dörd dəfə artmağa başladı . Mərkəzi Bank bunu görməli idi ki, Azərbaycanda uçot  faizləri aşağı olduqda  iqtisadiyyat  stimullaşdırılır. Bu istiqamətdə addım atmalı idi”.