“Rüsumların artması xərclərin çoxalması deməkdir”  - ŞƏRH 

“Heç olmasa maaş və təqaüdlərin artımından, indeksləşmədən sonra bəlli bir rüsumların artımı olsa idi, bunu anlamaq olardı”

“İndiki halda isə bunu qəbul etmək  heç cür mümkün deyil. Zamanlama etibarilə də doğru addım saymıram”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərə əsasən Azərbaycanda  baytarlıq şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manata, baytarlıq sertifikatının verilməsi üçün dövlət rüsumu isə 20 manatdan 25 manata qaldırılır. 

Müvafiq qanun layihəsinə əsasən, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün 100 manat dövlət rüsumu ləğv olunur, əvəzində baytarlıq arayışının verilməsi üçün 5 manat, baytarlıq pasportunun verilməsi üçün 20 manat, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün isə 120 manat dövlət rüsumu tətbiq olunur. Bundan başqa, soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir. Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir. Həmçinin nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır. Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə, eləcə də məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır. Eyni zamanda avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları da müəyyənləşib. Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat;100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000;111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq. Eyni zamanda daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün tutulan dövlət rüsumunun məbləği artırılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi – 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi – 50 manatdan 75 manata yüksəldilir.  

Dövlət rüsumlarına edilən bu dəyişikliklər cəmiyyətdə  ajiotaja səbəb olub.Bu barədə “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, rüsumların artması vətəndaşların xərclərinin çoxalması deməkdir:

“İstənilən rüsum artımı vətəndaşın cibindən pulların çıxması ilə nəticələnir.Və  rüsum artımları əgər infilyasiya ilə bağlı indeksləşməyə uyğun aparılırsa, o zaman maaş və təqaüdlərin artımından sonra bu addımın atılması daha doğru olardı.Hazırda maaş və təqaüdlər artmayıb.Azərbaycanda nominal gəlirlər artsa da, real gəlirlər kəskin şəkildə azalıb”.

İnflyasiyanın həddən artıq yüksək olduğunu deyən ekspert indiki durumda belə bir addım atılmasını məntiqli saymadığını bildirib:

“Heç olmasa maaş və təqaüdlərin artımından , indeksləşmədən sonra bəlli bir rüsumların artımı olsa idi, bunu anlamaq olardı. İndiki halda isə bunu qəbul etmək  heç cür mümkün deyil. Zamanlama etibarilə də doğru addım saymıram”.