Qazın, işığın, suyun, ərzağın qiyməti qalxır


Minimum əmək haqqının 300 manat müəyyənləşməsi də insanların həyatına müsbət təsir etməyəcək

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Bu məsələ "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əks olunub. Bundan əlavə, layihəyə əsasən ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 170 manatdan 200 manata qaldırılması da təklif edilir. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimli "Şərq"ə açıqlamasında deyib ki, minimum əmək haqqının şəffaf şəkildə təyin edilməsi üçün ilk növbədə istehlak səbəti müəyyənləşdirilməlidir. Ekspertin sözlərinə görə, bu gün təxmini araşdırmalar onu göstərir ki, bu, 425-450 manat civarındadır: 

"Ümumiyyətlə, sovet dövrünün də əsas problemlərindən biri real istehlak səbətinin mövcud olmaması ilə bağlı idi. Bu gün insanın normal yaşaması üçün müəyyən bir aylıq istehlak səbəti olmalıdır. Bu gün dəqiq demək olmaz ki, minimum əmək haqqı  250, 300, yaxud da ki, 400 manatdır. Hesab edirəm ki, bunun üzərində Elmi Tədqiqat İnstitutları, Dövlət Nəzarət Orqanları bir yerdə birləşməli və vahid istehlak paketi hazırlamalıdır. Bura təkcə qida yox, yeri gələndə ayda bir dəfə insanın normal şəkildə mədəni, maarif qurumlarına ziyarəti, sosial paket, tibbi xərclər və s. daxil olmalıdır. Yəni insanların normal yaşamasından ötrü istehlak səbəti müəyyənləşdirilməlidir. Yeri gələndə də hər ay nəsə bahalaşanda onun avtomatik indeksləşməsi getməli və təsiri həll olunmalıdır. Bu gün 250 manat onsuz da bilirik ki, heç bir normal yaşayış üçün kifayət deyil, yəni gəlin reallığı etiraf edək. Bu gün vətəndaşın istifadə etdiyi istehlak məhsullarının, qazın, işığın, suyun qiyməti qalxır. Avtomatik sürətdə ona uyğun olaraq, respublika ərazisində ərzaq məhsullarının qiyməti də artıb. Yəni demək istəyirəm ki, onsuz da qiymətlər qalxır və əlavə xərclər də daxil olur insanın həyatına. Bütün bunların indeksləşməsi götürüldükdə isə əlbəttə ki, bu məbləğ kifayət deyil. Ona görə də bunun şəffaf şəkildə təyin edilməsindən ötrü birdəfəlik normal şəkildə istehlak səbəti müəyyənləşdirilməlidir".