Çətin zəmanədir

Heç bir ailə gəlirindən məhrum olmaq istəməz

Ona görə qadınlar kimi, kişilərin də atalıq məzuniyyəti ödənişli olmalıdır

Bu mövzu cəmiyyətin ən çox ehtiyac duyduğu və qabardılması istənilən mövzulardandır. Valideynlər, xüsusilə də yeni övladı dünyaya gələn ailələr bu barədə çox narahatlıq duyurlar. Çünki yeni uşaq doğmuş anaya və ailənin digər üzvlərinə yardım etmək üçün heç olmasa ilk aylarda evdə digər valideynin olması vacibdir. 

Əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. 

Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır. İsveçdə də kişilər məcburi olaraq 2 ay atalıq məzuniyyətinə çıxır. Bu hüquqdan istifadə etməyən atalar uşağa görə onlara verilən müavinətdən azad edilirlər.

 Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. 

Ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova qanunvericiliyə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı dəyişiklik edilməsini təklif edib.

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında bildirib ki, kişilərin atalıq məzuniyyəti olduqca vacib və incə məsələdir. Sosioloq qeyd edib ki, hazırda qanunvericiliyə görə, atalıq məzuniyyəti yoxdur, ancaq xəstə ailə üzvünə baxmaq məqsədindən kişilər məzuniyyət tələb edə bilər:

 “Hazırda qeyd etdiyim vəziyyətə görə, 14 gün müddətində atalıq məzuniyyətə çıxma var, ancaq ödənişsiz məzuniyyətdir. Ailə fərdinin çoxalması, ailənin əlavə gəlirlərə ehtiyacı olması, xərclərin artması səbəbindən kişilər ödənişsiz məzuniyyətə çıxmaq istəməyəcəklər. Çünki ortada daha yaxşı qazanmaq, daha yaxşı ailəni təmin etmək məsələsi var. Bu səbəbdən də kişilər bu haqlarından istifadə etməyəcəklər. Biz istərdik ki, qanunların qadına tanıdığı güzəşti heç olmasa yarısı olmasa belə, müəyyən bir miqdarı kişilərə də şamil olunsun. Hesab edirəm ki, atalıq məzuniyyəti də ödənişli olaraq həyata keçirilməlidir”.