Ölkəmizə valyuta axını artacaq


Dünya bazarında qazın qiymətinin bahalaşması gələn ildən Azərbaycana qazanc gətirəcək

Avropa birjalarında təbii qazın qiymətləri yenidən min kubmetr üçün 1000 avro həddini keçib. Noyabrın 16-da Niderlandın TTF habında qazın min kubmetrinin qiyməti 1 036 avro olub. Ötən sutka ilə yanaşı qiymətlər 5,7 faiz artıb.
Xatırladaq ki, Avropa birjalarında təbii qazın qiymətləri oktyabr ayında 1 950 dollaradək bahalaşmışdı.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında bildirib ki, Avropanın qaz bazarında spot qiymətləri, yəni birja qiymətlərində tez-tez dəyişikliklər olur. Ekspert qeyd edib ki, bunun orta və uzun müddətdə təbii ki, boru vasitəsilə nəql olunan qazın qiymətlərinə də təsiri olur: “Bir müddətdən sonra Azərbaycan qazının qiymətlərinə də təsirləri qaçılmaz olacaq. Amma qazın qiyməti Avropa birjalarında dəyişən kimi Azərbaycan qazının da qiymətinin dəyişməsini söyləmək mümkün deyil. Çünki biz uzunmüddətli müqavilələrlə qazı satırıq. Əsas alıcımız da Gürcüstan, Türkiyə və Avropa Birliyi ölkələridir”.
Ekspert vurğulayıb ki, qazın qiymətinin yüksəlməsinin gələn ildən Azərbaycana müsbət təsiri olacaq: “Çünki müqavilələr ildən-ilə bağlanılır. İndi yanvardan yeni qiymətlərlə yeni müqavilələr bağlanılmalıdır. Qazın qiymətinin yüksəlməsi birjalarda boru ilə satılan Azərbaycan qazının da qiymətinin yüksəlməsinə səbəb olacaq. Təbii ki, neftin, qazın qiymətinin yüksək olması Azərbaycana daha çox valyuta gəlməsi deməkdir. Bu, ölkəmiz üçün çox müsbət məsələdir”.