Əli Məsimli xalqın dərdini anlatdı

Azərbaycanda pensiya ilə minimum tələbatı ödəmək olmur

Xaricdə insanlar pensiyaya çıxanda ömrünün romantikasını yaşayır, bizdə isə pensiyaya çıxanların məşəqqət dövrü başlayır

Dünən Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda “2022-ci ilin dövlət büdcəsi” ilə bağlı qanun layihəsinin müzakirələri ilə yanaşı 23 məsələ də gündəlikdə olub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası barədə Milli Məclisə hesabat verilməsini təklif edib. Komitə sədri bildirib ki, dövlət büdcəsindən alınmamış vəsaitlər idarəolunan kapitala çevrilməlii, Fondun investisiya layihələrində iştirakı üçün müvafiq addımlar atılmalıdır. 

Həmçinin, qeyd edib ki, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsini balanslaşdırmaq üçün dövlət büdcəsindən ayrılan vəsait 2021-ci ildəkindən az olacaq: “DSMF-nin ümumi xərclərinin 96,7 faizini əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin çoxu əmək pensiyaları üçün olan ödənişlərdir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manat təşkil edəcəyi proqnozlaşdırılır. Əmək pensiyalarının minimum məbləği anlayışı 2017-ci ildə daxil edilib və 110 manat məbləğində müəyyən olunub. 2022-ci ildə bu məbləğin 240 manata çatdırılması nəzərdə tutulur. Cari və növbəti illər üzrə pensiyaların orta aylıq məbləğinin artımı müvafiq olaraq 9,4 və 4,4 faiz olaraq qiymətləndirilir. 2022-ci ildə hamiləliyə, 1 yaşında uşağa baxmağa, 3 yaşında uşağa qulluq üzrə, dəfn üçün müavinətlər və s. müavinətlər üçün 180 milyon manat ayrılır. Bütün müavinətlərdə artım proqnozlaşdırılır”. 
Millət vəkili Musa Quliyev dəfn üçün verilən müavinətlərin məbləğinin bərabərləşdirilməsini də təklif edib: “Təklif edirəm ki, şəhid ailələri üzvlərinin ölkədəki bütün kurortlarda müalicə alması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələr yaxşılaşdırılsın. Yaşa görə müavinət alanlarla pensiyaçılara verilən dəfn üçün müavinətlərin məbləğinin bərabərləşdirilməsi də yaxşı olardı”. 

“Azərbaycanda insanların boyu 5 sm qısalıb, bu, qidalanma ilə bağlıdır”

Deputat Qüdrət Həsənquliyev deyib ki, SSRİ dağılandan sonra digər ölkələrdə insanların boyu artıb, bizdə isə 5 sm qısalıb. Parlament üzvü bunun qidalanma ilə bağlı olduğunu vurğulayıb: ‘Ən azı 10 yaşına qədər uşaqlara müavinət verilməlidir. Təklif edirəm ki, ünvanlı sosial yardımın verilməsi ilə bağlı siyahını yerli bələdiyyələr hazırlasın. Digər tərəfdən, Azərbaycanda son vaxtlar boşanmaların sayı artıb. Tək uşaq böyüdən valideynlərə, xüsusilə analara diqqət artırılmalı, onlara müavinət verilməlidir. Bizdə 5 uşağı olan anaya cəmi 55 manat verilir. Bu, çox azdır. Bizə təqdim olunan sənədlər müavinətlərin artımı faizlə göstərilib, rəqəmlərlə bunu yazmaq lazımdır. Bu, rəqəmlə yazılanda çox az olacaq. Biz bunu görəcəyik. Düşünürəm ki, ciddi islahatlar aparmağın vaxtı çatıb”.

“Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir. Deputat bildirib ki, indiyə qədər müharibədə iştirak edən qazilərə hələ pensiya müavinəti təyin edilməyib: “Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir. Orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə pensiya yaşı bizdən aşağıdır. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır. Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir”. 

“Dövlət büdcəsindən vəsait ayrılıbsa, bu, xərclənməlidir”

Millət vəkili Vahid Əhmədov Azərbaycanda özəl pensiya fondlarının yaradılması təklifi ilə çıxış edib. Deputat vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb: “Mən bunu qəbul etmirəm. Dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir. Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm də staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF-yə kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”. V.Əhmədov qeyd edib ki, Fondun Aparatına ayrılan vəsait ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb: “Niyə biz ildən-ilə belə artımlara gedirik? DOST Agentliyi yaradılıb, amma nazirliyin tərkibində də orada görülən işləri edən şöbələr var. Bunlar ləğv edilməlidir. Dünyada özəl pensiya fondları var, amma Azərbaycanda yoxdur. Artıq vaxtıdır ki, Azərbaycanda da özəl pensiya fondları yaradılsın”. 
Vahid Əhmədov İşsizlikdən Sığorta Fondunda 44 milyon manatın xərclənməməsinə aydınlıq gətirilməsini istəyib: “İşsizlikdən Sığorta Fonduna ayrılan vəsaitdən 44 milyon manat qalıb. Bunun səbəbi açıqlanmalıdır. Ya işsizlikdən sığorta haqqı çox yüksəkdir, sizdə bu pul artıq qalır, ya da ölkədə işsiz şəxs yoxdur ki, siz bu pulu onlara xərcləmirsiniz. Buna aydınlıq gətirilsin. 44 milyon manatın taleyi necə olacaq?! Niyə bu pul xərclənməyib”.

“Hərbçilərin maaşı artırılmalıdır...”

Deputat Vüqar İskəndərov Azərbaycanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşlarının artırılmasını vacib sayıb: “Sülh müqaviləsi imzalansa belə, biz güclü ordu yaratmaq işini davam etdirməliyik. Onların maaşlarının ikiqat artırılmasına ehtiyac var, bu, onlar üçün stimul olar. Çünki biz gələcəkdə də güclü ordusu olan ölkə kimi tanınmalıyıq”.


“Fiziki və zehni fəaliyyətlə məşğul olan insanlar eyni yaşda təqaüdə çıxmamalıdır”

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır: “Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənilməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir. Veteranlara verilən pul da 80 manatdan 130 manata qaldırılmalıdır”.

“Şəhid ailələrinin evlə təminatında normativlərdən imtina etməliyik”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var: “Bunu sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersizdir. Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan yanaşmaları ortaya çıxarır. Mayor Rüfət Əsgərovun ailəsini götürək, dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Rüfət Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev alacaqları vaxtı şəhid olub. Onların ailələrinin də evlə təminatı məsələsində problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir”.

“Ağır vəziyyətdə yaşayan şəhid ailələri var ki, evlə təmin olunmayıb”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalarda deputatların da təmsil olunmasını təklif edib: “Şəhid ailələrinə və qazilərə mənzillərin hansı prinsiplərlə verilməsinə aydınlıq gətirilməlidir. Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istəyərdik. 

Burada şəffaflıq olmadıqda narazılıq olur və bu narazılıq da dövlətimizə qarşı olur. Ağır vəziyyətdə yaşayan şəhid ailələri və qazilər var ki, evlə təmin olunmayıb. Təklif edirəm ki, hər rayonda şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalara millət vəkilləri dəvət edilsin. Çünki bütün millət vəkilləri öz rayonunda olan şəhid ailələri və qazilərlə bağlı kifayət qədər məlumatlıdırlar”.

M.İbrahimqızı qeyd edib ki, əlilliyi kəsilən insanlarla bağlı problem qalmaqdadır: “İnsanlar 2-3 aydır pul ala bilmirlər.

 Digər tərəfdən, məşğulluq problemi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonunu alqışlayıram. Digər dövlət qurumları da bu marafona qoşulmalıdır. Onlar işə götürdükləri şəhid ailələri və qazilərlə bağlı məlumatı bizimlə bölüşsələr, yaxşı olar”.