Ölkənin məşğulluq xəritəsi 2022-ci ildə tamamlanacaq

“Gələn il məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi Qarabağa yönəldiləcək”

“2022-ci ildə işsizlikdən sığorta ödənişinin əhatə dairəsi daha da genişləndiriləcək”. Bunu Milli Məclisin dünən keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Nazir müavini bildirib ki, 2022-ci ildə ölkədə 4 regional iri əmək yarmarkası və digər işlərin təşkil olunması nəzərdə tutulur: “Növbəti ildə də məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması işi davam etdiriləcək. 

Vahid əmək münasibətləri platforması və ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət və səyyar yoxlama sistemləri, elektron əmək birjası və yarmarkası, ictimai işlər portalı, bazar innovativ platforması üzrə işlər tamamlanacaq. Bu elektron xidmətlər ölkənin bütün insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini, inzibati ərazi vahidləri üzrə məşğulluq, əmək ehtiyatları göstəricilərinin onlayn müstəviyə daşınmasını təmin edəcək”.

Anar Kərimov bildirib ki, gələn il məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi Qarabağa yönəldiləcək: “Məşğulluq xidmətlərinin beynəlxalq təcrübə əsasında qurulması, elektron xidmətlərin sayının artırılması və digər istiqamətlərdə ardıcıl işlər görülür. Eyni zamanda əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsini gücləndirmək üçün də addımlar atılır: 2022-ci il üçün nəzərdə tutulan gəlirlərin ümumi faizi işsizlikdən sığorta yığımları hesabına formalaşıb.

 Dövlət başçısının tapşırığına uyğun olaraq həyata keçirilən özünüməşğulluq layihəsinə 46 faizdən çox vəsait ayrılıb. Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə olaraq kənd təsərrüfatı üzrə aqrar obyektlərin sığortalanması tətbiq ediləcək. 2022-ci ildə Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər 2022-ci ildə tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Gələn il ölkədə məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi bölgələrin sosial-iqtisadi inkişafına və bu bölgələrə geri dönəcək həmvətənlərimizin layiqli məşğulluğunun təmin edilməsinə yönəldiləcək”. 

Nazir müavini qeyd edib ki, dövlət sosial müdafiə fondunun 2022-ci il üçün gəlirlərinin 78 faizi məcburi dövlət sosial sığorta yığımları üzrə formalaşacaq: 

“Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər olacaq. DSMF əleyhinə yekunlaşmış məhkəmə qərarlarının sayında 96 faiz azalma müşahidə edilib. Bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib. Bu proses çərçivəsində benifisiarları bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesabına köçürülüb. Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”.