Dövlət büdcəsindən vəsait ayrılmalıdır

Azərbaycanda 350-yə yaxın məktəbin yenidən tikintisi və ya əsaslı təmirinə ehtiyac var

“Şəhid ailəsi statusu daşıyan şəxslər özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil aldıqları zaman təhsil haqqından azad olunmalıdırlar”. Bu barədə “Şərq”ə millət vəkili Şahin Seyidzadə deyib. Deputat bildirib ki, bu məsələ mütləq 2022-ci ilin dövlət büdcəsində nəzərə alınmalıdır. Parlament üzvü vurğulayıb ki, təhsillə bağlı digər mühüm məqam məktəb binalarının vəziyyəti ilə bağlıdır: 

“Əminəm ki, digər deputat həmkarlarıma da vətəndaşlar tərəfindən daima məktəblərin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciətlər daxil olur. 

Bu məsələ xüsusi diqqət yetirilməli məsələlərdən biridir. Dövlət büdcəsinin inevestisiya xərclərindən məktəblərin əsaslı təmirinə və ya tikintisinə dair vəsait ayrılmalıdır. Eyni zamanda yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayının ayrıca göstərilməsi vacibdir. Hazırda Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. 

Həmin məktəblərin təxminən 8 faizinin, yəni 350-yə yaxın məktəbin yenidən tikintisi və ya əsaslı təmirinə ehtiyac var. 

Təmsil etdiyim  Abşeron-Qobustan rayonları üzrə 17 məktəbin əsaslı təmiri də vacibdir. Abşeron rayonu, Ceyranbatan 2 saylı məktəbin şagirdlərinin bir qismi gündəlik təhsilini tədris binasına aid olmayan ambulator məntəqədə alırlar.

 Həmçinin, Qobustan rayonu, Ərəbşalbaş kənd məktəbi 50 ildən çoxdur istismarda olduğundan məktəb yararsız haldadır. 2022-ci ilin dövlət büdcəsində əvvəlki illərlə müqayisədə daha çox məktəbin təmiri və tikintisinə vəsaitin ayrılmasını məqsədəuyğun hesab edirəm”.