Lirədən növbəti antirekord: “Son iki ildə Türkiyənin qazancı kəskin azalıb”

Türkiyə lirəsindən növbəti antirekord qeyd alınıb.  Belə ki, qardaş ölkənin milli valyutası ucuzlaşmaqda davam edir. ABŞ dolları qarşısında 7,49 faiz dəyər itirən Türkiyənin milli pul vahidi üzrə məzənnə hazırda 1 ABŞ dolları - 12,2377 lirə nisbətindədir. Sonuncu dəfə 1 ABŞ dolları 11,3853 lirəyə bərəbər olub.

Qeyd edək ki, bu Türkiyə lirəsi üçün növbəti antirekorddur. Maraqlıdır belə olduğu halda Türkiyə özünü bu vəziyyətdən çıxara biləcəkmi? 

Mövcud durumu“Sherg.az”a dəyərləndirən iqtisadçı ekpert Natiq Cəfərli bildirib ki, türk lirəsinin son bir ayda kəskin dəyər itirməsi bir çox amillərlə bağlıdır: 

“Mərkəzi Bankın müstəqilliyinə dair şübhələrin artması, bank rəhbərliyin tez-tez dəyişdirilməsi və faiz endirimlərinin davamlı şəkildə atılması prosesə təsir göstərən əsas amillərdir. Bir neçə gün bundan öncə türk lirəsi ilə bağlı faiz endirimi baş verdi. Bu zaman Türkiyə Mərzi Bankı uçot dərəcəsini yenə bir faiz aşağı saldı.Halbuki gözləntilər bunun əksinə idi.Bu prosesə siyasi müdaxilələrin olmasından xəbər verir. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtisadi mövzuda çıxış  etdi. Çıxışda faizlərin yenə aşağı çəkiləcəyi ilə bağlı ilkin işarələr var idi. Bu birjalar tərəfindən o qədər də xoş qarşılanmadı. Beləcə türk lirəsi yenidən ucuzlaşdı”. 

İqtisadçı prosesdə əsas səbəblərdən biri kimi Türkiyənin “cari açığının” olmasını göstərib: 

“Türkiyənin ixracatı güclüdür.Amma ixrac etdiyi məhsulların yarıdan çoxu xaricdən alınan xammalla hazırlandığı üçün dollar olan tələbat da artır. Bir də ilin sonunda Türkiyə şirkətlərinin 10 milyardlarla dollar xarici borclarının qaytarılması məsələsi var. Dekabrda ödənişlər edilməlidir. Bu da digər tərəfdən dollara olan tələbatı artırır”.
İqtisadçı- ekspert turizmin zəif olmasının da ölkəyə valyuta axınını zəiflətdiyini söyləyib və əvvəllər bu sahədən ildə 40-45milyard dollar qazanan Türkiyənin son iki ildə qazancının kəskin azaldığını diqqətə çatdırıb.