Siyasi mənzərə ölkəmizin rolunu artırır

Azərbaycan Avropanın neft və qaz bazarında imicini etibarlı tərəfdaş kimi formalaşdırıb

Dünən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Azərbaycanla enerji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.
Bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi “Twitter”də bildirib.
“Şərq Tərəfdaşlığı” üçün İqtisadi və İnvestisiya Planı davamlı enerji sektoruna və təmiz enerji keçidinə sərmayələri genişləndirəcək”, - Aİ komissarı vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolu barədə “Şərq”ə danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu sahədə əsas oyunçu Rusiyadır.

“Avropanın hazırkı qaz istehlakı 550 milyard kubmetr ətrafındadır və ilbəil artır. Azərbaycanın Avropaya qaz hasilatı imkanları o qədər də çox deyil. TAP-ın illik qaz ixracı 10 milyarddır və maksimal 20 milyarda qədər artırıla bilər. 

TANAP-da bu göstərici 16 milyarddır və 30 milyarda qədər artırıla bilər. Bu borular genişləndirilsə belə ümumilikdə 20-25 milyard kubmetr qaz ixrac etmək potensialımız var. Yəni Azərbaycan Avropanın qaz tələbatının 3-4 faizini ödəyir. Orada əsas oyunçu Rusiyadır və 40 faizə qədər qaz təchizatını həyata keçirir. Bundan başqa Norveç, Əlcəzair, Qətər və digər ölkələr burada pay sahibidirlər.

 Digər maraqlı məqam isə mərkəzi Asiya qazının Azərbaycan üzərindən Avropaya ixracı imkanlarının olmasıdır. Bu, mövcud Cənub Qaz Dəhlizinin genişləndiriləməsi hesabına ola bilər. İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Türkmənistan, İran və Azərbaycan arasında ötən il  saziş imzalandı. Nəticədə Azərbaycan Türkmənistandan qaz almaqla öz qazını daha çox həcmdə satışa çıxarmaq imkanı qazandı”.

İqtisadçı həmçinin qeyd edib ki, bizim potensialımız az olsa da, diversifikasiya baxımından əhəmiyyətliyik:

“Həm də Azərbaycan öz imicini etibarlı tərəfdaş kimi formalaşdırıb. Neftdə və ya qazda Avropanın enerji təhlükəsliyinin qorunmasında ciddi rol oynamasa da, müqavilə öhdəliklərinə riayət edən etibarlı partnyor kimi mühüm rola malikdir. Bizim əsas məqsədimiz əməkdaşlıq etdiymiz ölkələri qaz ilə təchiz etmək və bu yolla öz büdcəmizi doldurmaqdır. 
Biz bu bazarda Rusiyanın ciddi rəqibi deyilik. Ancaq Rusiyanın Avropa və Amerika ilə Ukrayna üzərindən münasibətlərinin gərginləşməsi alternativ marşrutların və Azərbaycanın rolunu artırır”.