Azərbaycan Türkiyədə daimi turizm nümayəndəliyi aça bilər

Yaxın gələcəkdə Türkiyənin paytaxtı Ankarada və yaxud İstanbul şəhərində Azərbaycanın daimi turizm nümayəndəliyi açıla bilər".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.
O, bu barədə İstanbulda keçirilən, dünyanın ən böyük turizm sərgilərindən birində "Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi"ndə ("EMİTT 2022") Azərbaycanı təmsil edərkən danışıb.

"Biz burada həm ənənəvi turizm məhsullarımızı sərgiləyirik, həmçinin yeni turizm destinasiyası hesab edilən işğaldan azad olunmuş torpaqlarımızda yaranmaqda olan turizm imkanlarını tanıdırıq, Türkiyə bazarı Azərbaycan üçün prioritet bazardır. Türkiyəli turistlərin səfərlərinin statistikasını nəzərə aldıqda Azərbaycanın ilk 3-lüyündə yer alırlar. Hətta pandemiya dövründə də biz, digər ölkələrə nisbətən daha çox Türkiyədən olan turistləri qəbul etmişik. Biz burada artıq bir neçə rəsmi görüş keçirmişik. Türkiyənin digər regionlarında da marketinq işləri görməyə maraq göstəririk, o cümlədən İstanbulda, Ankarada, İzmirdə və Türkiyənin cənub-şərq, şimal-şərq bölgələrində infoturlar və mediaturlar təşkil etmək niyyətimiz var. Əlavə olaraq, Naxçıvanda turizm imkanlarının tanıdılması ilə bağlı xüsusilə Türkiyədə ciddi fəaliyyət planı hazırlayırıq. Azərbaycan yaxın gələcəkdə Ankara və yaxud İstanbulda daimi turizm nümayəndəliyi də aça bilər", - deyə o, qeyd edib.