Rövnəq Abdullayevin getməsi SOCAR-ı tənəzzüldən qurtaracaqmı

Rəşad Həsənov: "Bizdə şəxslər prosesin gedişinə, işin təşkilinə öz təsirini göstərə bilir"


Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Ölkə başçısının digər sərəncamı ilə Rövnəq Abdullayev iqtisadiyyat nazirinin müavini təyin olunub.

Baş verən kadr dəyişikliyinin səbəbləri və gələcəyi ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, SOCAR-ın səmərəsiz fəaliyyəti ilə bağlı həm cəmiyyətdə, həm də hökumətdə ciddi narahatlıqlar var idi.
 Uzun müddətdir təəccüb doğururdu ki, nə üçün bu istiqamətdə konkret addımlar atılmır. Faktiki olaraq, dövlət bu müəssisənin fəaliyyətindən çox böyük gəlir itkiləri ilə üzləşilirdi. Çünki həm müəssisənin fəaliyyəti qeyri-səmərəli təşkil olunub, həm də çox böyük korrupsiyalaşma var. Bu baxımdan qərar gözlənilən idi və baş verməsi çox yaxşı hal olaraq qiymətləndirilir. Bu istiqamətdə dəyişikliklər olmalıdır. 
Qurumun bundan sonrakı fəaliyyətinin necə olacağı barədə danışan ekspert indiki halda dəqiq nə isə deməyin çətin olduğunu bildirib:

“Çünki həm investisiya holdinqinin, həm də yeni idarəetmənin necə təşkil olunacağı, burada kimin təmsil olunacağı önəmlidir. Bizdə şəxslər prosesin gedişinə, işin təşkilinə öz təsirini göstərə bilir. Amma əhəmiyyətli dərəcədə deyil. Əsas məsələ odur ki, SOCAR-la bağlı siyasi baxış necə olacaq. Onun səmərəli şəkildə fəaliyyət göstərən dünya brendinə çevrilməsi istiqamətində işlər görüləcəkmi? Şirkətin fəaliyyətində dövlətin mənfəətinin və əhalinin sosial rifahının artması, yoxsa hansısa sosial qrupların, oliqarxların yararlanması mövqeyi ortaya qoyulacaq? Bu çox vacib məsələdir. Əgər səmimi yanaşma olacaqsa, təyinatlar da buna uyğun ediləcək. 

Neft şirkətinin fəaliyyətində kifayət qədər böyük açıqlar var. Bunların aradan qaldırılması gələcəkdə Azərbaycan iqtisadiyyatı və şirkətin özünün gələcəyi baxımından müsbət imkanlar yarada bilər”.

Sənan İsmayıl