“Qarabağda bərpaolunan enerjidən istifadəsi hədəflənib”

Fevralın 11-i Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən söz açıb. Prezident azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirib. Həmçinin yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.

“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.

Prezidentin müsahibəsində bərpaolunan enerjinin potensialı məsələsinə toxunması ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib ki, ətraf mühitin qorunması üçün bərpaolunan enerjiyə diqqətin artırılması müsbətdir:

“Dünya ölkələri qlobal istiləşmə, karbon qazının atmosferə buraxılması ilə bağlı bəzi öhdəliklər qəbul ediblər. Dünyamızı qorumaq üçün Birləşmiş Millətlər Təşkilatı 17 davamlı inkişaf məqsədləri formalaşdırıb. Bunlara ətraf mühiti qoruma, təmiz iqtisadi avadanlıqlardan istifadə edilməsi kimi məsələlər daxildir. Artıq sahibkarlıq obyektlərinin ekologiyaya zərər vurmasının qarşısının alınması istiqamətində alternativlər müəyyənləşdirilir. Neftdən, qazdan imtina edilərək su, günəş, külək kimi bərpaolunan enerji  mənbələrindən istifadə məsələsi önə çıxıb. Qarabağda qurulacaq yeni şəhər və kəndlər üçün də elə bərpaolunan enerjidən istifadəsi hədəflənib”.
Xanlar ƏLİBƏY