Bazarda kəskin bahalaşmanın qarşısı alınacaq


Dövlət Ehtiyatları Agentliyinin yaradılması düzgün qərardır

"Çünki iqtisadi böhranlar zamanı ərzaq təhlükəsizliyi məsələsi daim bir nömrəli risk faktoru yaradır"


    Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almalıdır.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətlərindən biri də ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görməkdir. 
Eyni zamanda ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə tədbirlər görmək Agentliyin vəzifələri sırasına daxildir.

Yeni yaradılan dövlət qurumunun mahiyyəti ilə bağlı “Şərq”ə danışan iqtisadçı Eldəniz Əmirov Dövlət Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı verilmiş qərarı düzgün hesab etdiyini bildirib. 
“Cənab Prezident eyni zamanda Dövlət Taxıl Fondunu agentliyin sərəncamına verdi. Bununla yanaşı, onu ehtiyatların yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən əsas qurum olaraq müəyyən etdi. Çünki iqtisadi böhranlar zamanı ərzaq təhlükəsizliyi məsələsi daim bir nömrəli risk faktoru yaradır. 

Bu agentlik dövlət ehtiyatlarının idarə olunması, nəzarətin həyata keçirilməsi və ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının formalaşmasında əsas orqan olacaq. Yəni ərzaq təhlükəsizliyi,  ehtiyatların toplanması və idarə olunması sahəsində fəaliyyət göstərəcək.

 Sərəncamdan da görünür ki, bu, həm də daxili bazarda məhsulların qiymətində kəskin bahalaşmanın qarşısını almaq məqsədi güdür. Bazarda hər hansı məhsul üzrə qıtlıq olanda qiymət artır. Bu hal baş verməsin deyə qıtlığın yaranmasına yol verilməməlidir. 

Bunun üçün də həmin agentlik ehtiyatlarından nizamlı şəkildə istifadə etməklə bazarda bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görməlidir. Yəni öz ehtiyatlarını hər hansı formada bazara təklif etməlidir. 

Bu proses qiymət artımının qarşısını ala bilər. Ancaq sərəncamda belə bir ifadə var – qısamüddətli kəskin artımlar. Bu o deməkdir ki, sərəncamda qeyd olunanlar bütün hallara aid deyil. Uzunmüddətli, ümumi qiymət artımına heç bir agentlik, qurum mane ola bilməz. Çünki bu, bir çox daxili və xarici faktorlardan asılıdır. Bir agentlik yaradıldı deyə bu, qiymət artımına son qoyuldu demək deyil”. 

Sənan İsmayıl