Neftin bahalaşması yaxşı hal deyil



Qiymət artımları bazarda “köpüklər” yaradacaq

   Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 100 dolları keçib. Sonuncu dəfə neftimiz bu qiymətə 2014-cü ilin sentyabr ayında satılıb. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb. 
Millət vəkili Vüqar Bayramov “Şərq”ə deyib ki, neftə tələbin artması, Rusiya-Ukrayna gərginliyinin hələlik tam aradan qalxmaması və yoluxma sayının artmasına baxmayaraq, qlobal pandemiyanın təsirləri ilə bağlı gözləntilərin nikbinləşməsi “qara qızılın” qiymətinə təsirsiz ötüşməyib. Deputatın sözlərinə görə, neftin qiyməti yüksəlməkdədir: “2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı 700,5 min barel olub. Bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar müəyyənləşdirilib. Neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. 
Bununla yanaşı, neftin qiymətinin kəskin artması neft bazarı üçün potensial risklər də formalaşdırır. Qiymət artımları bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir”.
Parlament üzvü bəyan edib ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir: “Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.