Avropa İttifaqından 2 milyard avro yardım gəlir

Natiq Cəfərli: "Münasibətlər enişli-çıxışlı olsa da, son dövrlər əlaqələr intensiv mərhələyə qədəm qoyub"

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkə biznesinə 2 milyard avro həcmində maliyyə yardımı göstərəcək. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin tamamlanmasına həsr olunan tədbirdə deyib. O bildirib ki, bu maliyyələşmə aləti 25 minədək sahibkarı əhatə edəcək:

“Azərbaycan hökuməti kiçik və orta biznesin inkişafı sahəsində irəliləyişə nail olub. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edərək bu irəliləyişin şahidi olmuşuq. Biz Azərbaycanda KOB subyektlərinə maliyyə dəstəyini davam etdirəcəyik”. Mixalko qeyd edib ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyi həm də sahibkarlığın mikrokreditləşməsinin təhlilini keçirib: “Bu işlər çərçivəsində biz Azərbaycan tərəfinə tövsiyələrimizi vermişik və Avropa təcrübəsinin daha çox inteqrasiyasını planlaşdırırıq”. Onun sözlərinə görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi və KOBİA sahibkarlığın rəqəmsallaşması və “yaşıl” texnologiyalara keçid üzrə layihələr reallaşdırır. 

İqtisadçı Natiq Cəfərli “Şərq”ə deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin köklü tarixi var. Ekspertin sözlərinə görə, münasibətlər zaman-zaman enişli-çıxışlı olsa da, son dövrlər əlaqələr intensiv mərhələyə qədəm qoyub: 

“Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizin iqtisadiyyatı üçün ayrılan maliyyə yardımları Aİ ilə əlaqələrin genişlənməsinə imkan verəcək. 

Avropa Birliyi Azərbaycana maliyyə dəstəyi ilə yanaşı, həm də institusional dəstək verir. Yeni texnologiyaların ölkəmizə gətirilməsi, kənd təsərrüfatında çalışanlarla bağlı treninqlərin keçirilməsi, işçilərin müasir dövrə adaptasiyası da dəstəyin tərkib hissəsidir”.