Rubl kəskin ucuzlaşa bilər

İndi hər şey Qərbin qəbul etdiyi qərardan asılı olacaq

Kreml rəhbərinin son qərarı qlobal iqtisadiyyata da təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib. Ötən həftəni 1 bareli 91dollar ilə qapayan “Brent” markalı neft indi 97 dollara təklif edilir. 

Neft 7 faizə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu 80-ədək ucuzlaşıb. Bu, bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib.

Millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib ki, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etdiyi qərarlardan asılı olacaq. Deputatın sözlərinə görə, Ağ Evdə, eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalarla bağlı açıqlamalar verilsə də, hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib: 

“Bir müddət öncə də Vaşinqtonda Moskvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalarla bağlı bəyanatlar verilmişdi. Lakin sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi. 

Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvəllər bəyan etdiyi sanksiyaları tətbiq edərsə, o halda “Brent” markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”.