869 milyon manat pul silinib



Hesablama Palatası bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyub: "Bu vəsait büdcəyə bərpa olunmalıdır"


   Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2021-ci il üzrə hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. İclasda parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və QHT rəhbərləri də iştirak ediblər. V.Gülməmmədov deyib ki, 2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ zəfərini siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirib. Sədr bildirib ki, təqdim edilən hesabat 2021-ci ildə planlaşdırılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə vurğulayıb ki, 2021-ci ildə Azərbaycanda COVID-19-la mübarizə çərçivəsində vergi ödəyicilərinə 800,9 milyon manat vəsait xərclənib: “46 nəzarət tədbirinin həyata keçirilməsi planlaşmanın tam olaraq həyata keçirilməsinə nail olunduğunu deməyə əsas verir. Bütövlükdə Hesablama Palatasının ötən ildə daha çox səmərəlilik auditinə üstünlük verməsi müsbət hal kimi dəyərləndirilir”. 

"35,7 milyon manatın 86 faizi bərpa olunub"

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib. Sədr bildirib ki, bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoyublar: “Bu vəsait büdcəyə bərpa olunmalıdır. Çünki vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”. Qeyd olunub ki, ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80 milyon manat olub. Kollegiya qərarlarına əsasən, pul və natura ifadəsində cəmi 35,7 milyon manat məbləğində vəsaitin bərpası ilə bağlı birbaşa tədbirlər müəyyən edilib. 35,7 milyon manatın 86 faizi bərpa olunub. Bərpası mümkün hesab edilməyən məbləğin böyük hissəsi əsasən, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə formalaşıb. 

“Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur”

Hesablama Palatasının sədri bəyan edib ki, maliyyə auditinin nəticələrinə əsasən mühasibat yazılışlarının düzgün verilməməsi halları aşkar olunub. O bildirib ki, 600 min manat maliyyə auditi nəticəsində bərpa edilib: “2021-ci ilin uyğunluq auditləri bir sıra müsbət meyillərin müşahidə edildiyini, bəzi halların isə dəyişmədiyini göstərir. Dövlət vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində maneələr var. Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur. Ümumilikdə uyğunluq auditi nəticəsində 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib. Verilən tövsiyələr və fiskal göstəricilərin yerinə yetirilməsi aşağı səviyyədə olur. Ötən illərdə olduğu kimi, hesabat ilində də aşkarlanan pozuntularla bağlı 8 tövsiyə hazırlanaraq Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunub”.

“Sistemdə qeydiyyatdan keçmədən əmək müqavilələri bağlanıb”

Vüqar Gülməmmədov deyib ki, hesabat ilində Dünya Bankı tərəfindən ali audit orqanlarının müstəqillik indeksi qiymətləndirilib. O bildirib ki, Azərbaycan Hesablama Palatasının müstəqilliyini yüksək qiymətləndirilib: “Strateji planın 2021-ci il üzrə qiymətləndirilməsi zamanı müvafiq dövlət orqanlarının məlumatlarının rəqəmsallaşdırılmasında ciddi axsamalar mövcuddur. Kənar Dövlət Maliyyə Nəzarəti tədbirləri zamanı dövlət qulluğu ilə müəyyən edilmiş normaların bəzi dövlət qurumlarında ciddi şəkildə pozulduğu aşkarlanıb. Əmək münasibətlərinə dair informasiya sistemində qeydiyyatdan keçmədən əmək müqavilələri bağlanıb”.

“Turizm Agentliyinə 862 min manat ziyan ödətdirilib”

Hesablama Palatası Dövlət Turizm Agentliyinə ayrılmış dövlət vəsaitlərinin icrası üzrə uyğunluq auditinin nəticələrini açıqlayıb. Vurğulanıb ki, aparılmış araşdırma nəticəsində Agentliklə bağlı cinayət işi başlanılıb. İstintaqın gedişində 862 min manat vurulmuş ziyan ödənilməsi təmin olunub. 

MSK-da işə qəbulda qanunsuzluq aşkarlanıb

Hesabata əsasən, Mərkəzi Seçki Komissiyasında da yoxlama aparılıb. MSK-da 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub. Onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib. Bundan əlavə, əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub. 

Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi aparılacaq

Hesablama Palatasının sədri bildirib ki, son dövrlər büdcənin icrası ilə bağlı nəzarət tədbirləri ilə bağlı müzakirələr aparılır. O bildirib ki, dövlətin büdcəsinin layihəsinə və icrasına rəy vermək parlamentin əsas funksiyasıdır: “Bu funksiyanın həyata keçirilməsinə Hesablama Palatası töhfə verməyə hazırdır. Hesabatda uyğunluq auditinin çox olmasının səbəbi dövlət büdcəsinə bərpa ilə bağlıdır. Səmərəlilik auditində bərpa olmur və qarşıya qoyulan məqsədlərə nail olunmur. Parlamentin dövlət büdcəsində, digər büdcə layihələrində iştirakı, rolu bizim nəzarət tədbirlərimizlə bağlıdır. Parlamentin rolu nə qədərdirsə, palatanın da rolu o qədərdir. Kənd təsərrüfatına ayrılan subsidiyaların auditi də həyata keçiriləcək. Bu, artıq gələn aydan planlaşdırılır”.
Müzakirələrdən sonra hesabat parlamentin plenar iclasına tövsiyə edilib.