Məmurlar büdcədən yenə vəsait yeyirlər

Millət vəkili Hesablama Palatasından həmin vəzifəlilər barədə məlumat istəyib


“2021-ci ildə 44 audit aparılsa da, 50 faizi hesabatda göstərilməyib”. Bunu Milli Məclisdə Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, satınalmalarla, tenderlərlə bağlı məsələlər hər il Hesablama Palatası tərəfindən göstərilir. 

Amma biz bunlarda hansısa inkişaf görmürük: “Dövlət vəsaitinin xərclənməsində pozuntular daha pis səviyyədə davam edir. Burada Hesablama Palatası öz mövqeyini ortaya qoymalıdır. May ayında dövlət büdcəsinin icrasına baxacağıq. Büdcənin icrası ilə bağlı məsələlərə ildə 3, 4, bəlkə də 5 dəfə baxılmalıdır. Bunun üçün Hesablama Palatası bizə müraciət edə bilərdi. Bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edə bilərik. May ayında Milli Məclis artıq büdcənin icrasına baxanda pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib. Buna qədər Hesablama Palatası bu icraya nəzarət edə bilər”. 

“Pandemiya dövründə 190 manatın verilməsində bir çox qanunsuzluq vardı”

Millət vəkili Əli Məsimli nəzarət tədbirləri nəticəsində bərpa olunan 30 milyon manatdan çox məbləği simvolik adlandırıb. Deputat bildirib ki, aşkarlanan pozuntular fonunda bu rəqəm dəryada damladır: “Sosial proseslərin tənzimlənməsi istiqamətində aparılan tədqiqat yarımçıq xarakter daşıyır. Pandemiya dövründə 190 manatın verilməsində bir çox qanunsuzluq vardı. Qeydiyyata alınan işsizlərin sayı ilə 190 manat verilən işsizlərin sayı uyğun gəlmirdi. Saxta statistikanın axırına çıxmalı, Azərbaycanda real işsizlərin sayını ortaya qoymalıyıq”. Parlament üzvü vurğulayıb ki, digər problem kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsindədir: “Bizim statistikada istehsal etdiyimizi göstərən buğda qədər də xaricdən alırıq. Bu, mümkün deyil. Yaxşı buğda növlərinin yetişdirilməsi üçün ayrılan vəsait yeyintiyə gedib və istifadə olunmayıb. Bunu siz də göstərmisiniz. Bu fakt kitabda qalmamalı, əlaqədar təşkilatlara göndərilməlidir”.

“Avropada yolun işarələnməsi 131 avroya başa gəlir, bizdə isə 1850 manata müqavilə bağlanıb”

Millət vəkili Fazil Mustafa deyib ki, ötən dəfə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı məsələni müzakirə ediblər: “Məlum oldu ki, Avropada 131 avroya başa gələn işarələnmə Azərbaycanda 1850 manata müqavilə bağlanıb. Bu nə deməkdir?!”. F.Mustafa Hesablama Palatasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirib: “Bunun əsas səbəbi həm də Milli Məclisdə yaranan şəffaflıqla bağlıdır. Milli Məclisdə tenderlər açıq elan olunub. Qaranlıq işlər ortadan qalxıb. Kadr dəyişiklikləri aparılıb. Buna görə də düşünürəm ki, hesabat çox əhatəli idi.

Çox istərdim ki, qurum bu ənənəni davam etdirsin. Bu təmaslar Hesablama Palatasının Milli Məclisə qapılarının açılması deməkdir. Bu, əməkdaşlığın inkişafı üçün ən böyük amillərdən biridir. Hesabatda bərpası mümkün olmayan vəsaitlər məsələsi diqqətimi cəlb elədi. Əslində dövlət büdcəsi əla mahiyyət daşıyır, yəni bərpası mümkün olmayan bir şey olmamalıdır. Əgər nəsə varsa, bu, korrupsiya elementidir”. 

“İctimai nəzarəti artırmalıyıq. Bununla bağlı dinləmələr keçirə bilərik”

Millət vəkili Rüfət Quliyev Hesablama Palatasından büdcədən oğurlayan məmurlar barədə məlumat istəyib: “Son bir neçə ildə Hesablama Palatasının peşəkarlığının artmaqda olduğu göz önündədir. Dəyişikliklər artıq özünü göstərir. Biz büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat istədiyimizi daha əvvəllər demişdik. Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti artırmalıyıq. Bununla bağlı dinləmələr keçirə bilərik. Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumat da əksini tapsa, yaxşı olar”. R.Quliyev Azərbaycanda insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu vurğulayıb: “Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İTSDA-ya müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.

“Mühasiblər rəhbərdən çox asılıdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mühasiblərin müstəqil olmamasından şikayətlənib. Onun sözlərinə görə, Hesablama Palatasının monitorinq fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var: “Mühasiblərin müstəqillik səviyyəsini artırmaq lazımdır. Mühasiblər bu gün rəhbərdən çox asılıdır. Mühasib bir çox hallarda təzyiqə məruz qalır. Ancaq buna baxmayaraq, mühasiblər qanun pozuntusuna yol verməməlidirlər. Ona görə də mühasibin işə təyin olunması, işdən azad olunması məsələsinə baxmaq olar”.

“Hesablama Palatasının dövlət büdcəsi üzrə rəyi çox cəsarətli idi”

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, parlamentin hazırladığı dəyişikliklər daha çox tənzimləyici xarakter daşıyır: “Hər orqanın özünün səlahiyyətləri var və öz səlahiyyətləri çərçivəsində hər kəs ümumi işə töhfə verməyə çalışmalıdır. Dövlətin götürdüyü kreditlər yalnız Milli Məclisin razılığı il olmalıdır. Çünki dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə bölünür”. Deputat onu da bildirib ki, Hesablama Palatasının dövlət büdcəsinə, DSMF-nin büdcəsinə verdiyi rəylər çox cəsarətli idi: “Bəzi həmkarlar reallıqları unudurlar və Hesablama Palatasından daha cəsarətli addımlar, rəylər gözləyirlər. Amma nəzərə almırlar ki, biz əlimizdə olanı da itirə bilərik. Mövcud reallıqlar çərçivəsində Hesablama Palatası əlindən gələni edir”.