Özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradıla bilər

Özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmdədir. 1990-cı illərdə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Vətəndaşlar bunun qanunsuz olduğunu bildirir və hüquqlarının bərpa olunacağı günü gözləyirlər.
Əksər deputatlar, ictimai şəxslər də zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı çağırışlar edirlər. Hesab edilir ki, bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. 

Çünki bu yöndə müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edirlər. Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. 

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalıdır. Onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Qeyd olunur ki, bu məsələ “İnvestisiya fəaliyyəti haqqında” yeni qanunda da öz əksini tapa bilər. Bütün hallarda müvafiq mexanizm tapılmalıdır ki, prosesə yekun vurulsun. Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov gündəmə gətirilən məsələ ilə bağlı “Şərq”ə danışarkən problemin müsbət həllinə tərəfdar olduğunu deyib. Lakin deputat vurğulayıb ki, özəlləşdirmə çekləri ilə bağlı müraciətlərə baxılması parlamentin imkanı çərçivəsində deyil: “Vətəndaşların özəlləşdirmə çekləri ilə bağlı müraciətlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hökumətlə müzakirə etməli və həllini tapmalıdır. Əlbəttə, biz də istəyirdik ki, əllərində qiymətli kağızlar olan vətəndaşlar özəlləşdirmə prosesində iştirak etsinlər. Vaxtı ilə insanlar müəyyən səbəblərdən özəlləşdirmədə iştirak etməyiblər. Çeklərdən yenidən istifadə üçün müəyyən şərait yaradıla bilər. Təklif etmişdim ki, özəlləşdirmə çeklərindən istifadə etmək lazımdır, çünki bu, onların payıdır. İnvestisiya layihələrindən əlavə bəzi şirkətlər arasında özəlləşdirmə prosesi də gedəcək. Amma hələlik bununla bağlı müzakirə getmir”. 

Millət vəkili Aydın Mirzəzadə “Şərq”ə açıqlamasında özəlləşdirmə çeklərinə sahib olan vətəndaşlara ölkə rəhbərliyinə, eləcə də müvafiq qurumlara müraciət etməyi tövsiyə edib: “Əgər ortada problem varsa, vətəndaşlar özü, ya da onların adından bir qrup dövlət başçısına, yaxud baş nazirə müraciət etsinlər. Vətəndaşların rəsmi müraciətindən sonra bu məsələnin araşdırılması mümkündür. Bundan artıq heç nə deyə bilmərəm”. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə “Şərq”ə məsələnin mürəkkəb olduğunu söyləyib: 

“Əlbəttə, istəməzdim ki, əllərində özəlləşdirmə çeki olan vətəndaşlar öz haqlarından istifadə etməkdən məhrum olsunlar. Amma indiki şərtrlər daxilində məsələ qəlizdir. Özəlləşdirmə prosesinin müddəti bir neçə dəfə uzadıldıqdan sonra 2011-ci ildə başa çatıb. Çeklərin yenidən dövriyyəyə buraxılması müzakirə mövzusu ola bilər. Lakin hökumətin yenidən bu məsələyə qayıtma ehtimalı aşağıdır. Özəlləşdirmə kifayət qədər problemli proses olub. Vaxtı ilə çekləri satanlar, özəlləşdirmədə istifadə edənlər də ciddi nəticə əldə etməyiblər. Yəni özəlləşmə prosesi qeyri-şəffaf və xaotik vəziyyətdə icra olunub. İndi hökumət dövlətə məxsus əmlakların qanunvericiliyə uyğun olaraq ancaq hərraclar vasitəsi ilə satışını həyata keçirir”. 

Professor Məhərrəm Zülfüqarlı isə özəlləşdirmə çekləri ilə bağlı fikirlərini bu cür izah edib:
“Dövlət müstəqilliyinin bərpası vaxtı hamımıza özəlləşdirmə çekləri verildi. Amma sonra çeklər dəyərdən düşdükcə metroların qabağında dəyər-dəyməzinə satışa çıxarıldı. Bilirsiz ki, cəmiyyətdə həmişə ilkin kapital oğurluğu olub. Kimin oğurluq pulları var idisə, həmin pullarla camaatdan çekləri topladı və müəyyən qurumların özəlləşməsində iştirak etdi. Yəni qeyri-qanuni, neqativ yollarla hamısı “biznesmen” oldu. Kasıb yenə kasıb qaldı və nəticədə inam itdi. İndi Şeyx Nəsrullanın ölünü diriltməsi kimi bunu yenidən diriltmək istəyirlər. Bu da sosial problemləri olan, əlində üç-beş çeki qalmış vətəndaşlarda yenidən ümid yaradıb. Şəxsən, düşünmürəm ki, həmin çeklər yenidən böyük dəyərə sahib olacaq. Yəni kasıb təbəqənin bundan ciddi xeyir götürəcəyinə inanmıram. Ondansa, təqaüdləri, pensiyaları, əmək haqlarını artırsınlar”.