Bank sektorunda rəqabət güclənməlidir

Belə olarsa, kredit faizlərinin aşağı salınması mümkün olacaq

Son günlər müzakirə edilən önəmli məsələlərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Depozit faizlərində müəyyən azalmaların müşahidə edilməsinə baxmayaraq, kreditlər baha təklif olunmaqdadır. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 18 milyard 7 milyon manatdır. Ötən ay isə kredit portfeli 17 milyard 587 milyon manat olub. Onun 13 milyard 81 milyon manatı milli valyutada, qalan 4 milyard 446 milyon manatı isə xarici valyutada təklif olunub. Baş bankın hesablamalarına görə, ölkə üzrə orta kredit faizi 11.86 faiz, milli valyutada isə 14.28 faizdir. Aydındır ki, Mərkəzi Bank orta kredit faizlərini hesablayan zaman bütün növ kreditləşmə üzrə qiymətləndirmə aparır. 

Millət vəkili Vüqar Bayramov bildirib ki, vətəndaşların daha çox istifadə etdiyi istehlak kreditləri üzrə faizlər elan olunan rəsmi orta rəqəmlərdən daha yüksəkdir. Deputatın sözlərinə görə, kreditlərin 9 milyard 262 milyon manatı birbaşa ev təsərrüfatlarına yönəldilir: 

“Kredit faizlərinin yüksək olması nə ilə bağlıdır? Kreditlərin bahalı olması real sektorda gəlirlilik səviyyəsinin yüksək olması ilə əlaqədar olsa da, bank sektorunda rəqabətin zəif olması əsas səbəblərdəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kredit faizlərinin azalması birbaşa banklar arasında rəqabətin daha da gücləndirilməsindən keçir.

 Doğrudur, Azərbaycanda depozitlər üzrə faizlərin yüksək olması da kreditləri bahalaşdırır. Amma bununla belə, yenə də kredit faizləri bir sıra hallarda depozit faizlərini 2 dəfəyə yaxın üstələyir. Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər. 

Bütün hallarda isə faizlərin optimallaşdırılması vacibdir. Kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.