Tək təqaüd yaşı deyil, onun məbləğinə də baxılsın!

“Həll olunmalı problem də budur. İnsanların əksəriyyəti təqaüd yaşının azaldılmasını istəmir, ona görə ki, təqaüdlə dolana bilməyəcəklər”

“Deputatlar bu problemləri də qaldırsınlar” 

"Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”.  Bu təklifi millət vəkili Fəzail Ağamalı parlamentin iclasında səsləndirib. Deputat qeyd edib ki, ölkədə yaş həddi o qədər də yuxarı deyil: “İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Biz pensiya yaşı həddini kişilər üçün 60, qadınlar üçün 50 etsək daha optimal olar”. Millət vəkilinin təklifi heç də birmənalı qarşılanmayıb.

Təklifi qeyri-real adlandıranlar da olub. Nəzərə alsaq ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçünsə 62 yaş 6 aydır, hətta yeni qanuna əsasən qarşıdakı illərdə arta-arta gedəcək, millət vəkilinin təklifinin reallaşacağı mümkünsüz görünür. Amma son illərdə pensiya yaşının qaldırılmasının ictimaiyyətdə narazılıqla qarşılandığı da bəllidir. 

Əslində, F.Ağamalının sözlərində həqiqət var. Həyat şəraiti getdikcə çətinləşdiyindən insanlar nəinki 62-65, artıq 55 yaşdan sonra işləməkdə çətinlik çəkirlər. İstər kişi olsun, istər qadın, fərq etmir. İnsanların sağlamlıq problemləri normal şərtlər altında çalışmağa imkan vermir. Bu azmış kimi yaşı 55-dən yuxarı olan qadın və kişilər hər an iş yerini itirmək təhlükəsi altındadır. Dövlət müəssisələri xaric, özəl sektorda işçini yaş həddiylə şantaj edirlər. 

“Xoşun gəlmir, çıx işdən, sənin yerinə o qədər namizəd var ki!” deyib, işçiyə təzyiq edirlər. 55 yaşdan yuxarı qadınların iş tapması isə çox çətindir. Sahibkarlar gənc yaşlıları işə götürür. Yaşlı qadınları “yararsız” hesab edirlər. Belə olan halda, təqaüd yaşına hələ bir neçə il qalmış şəxs harada işləməli, hansı vəsaitlə dolanmalıdır? Əgər təqaüd yaşı 62-65 arasıdırsa, o zaman bütün işəgötürənlərin təqaüd yaşı hələ tamam olmamış şəxsləri qeyd-şərtsiz işə almalarıyla bağlı qərar qəbul edilməlidir. Yəni təqaüdlə bağlı belə problemlər var. Xatırladaq ki, millət vəkili Əli Məsimli hələ ötən il ölkədə pensiya yaşının azaldılmasını təklif etmişdi. Millət vəkili bildirmişdi ki, orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə kişilərin pensiya yaşı 63, qadınların pensiya yaşı isə 60-dır. Azərbaycanda da pensiya yaşının azaldılması vacibdir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır. 

Amma belə görünür ki, millət vəkillərinin təklifləri təklif olaraq da qalır. Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında təqaüd yaşının azaldılmasından daha vacib başqa məsələlər olduğunu dedi: 

- Əmək Məcəlləsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışanlar təqaüd yaşına çatdıqda işdən azad edilir. Və onlara təqaüd təyin edilir. Hasilat sənayesində çalışanları da təqaüd yaşına çatdıqda məcburi təqaüdə göndərirlər. İşçilərsə təqaüd yaşına çatmalarına baxmayaraq işləmək istəyir. Bilirsiniz niyə? Çünki təqaüd məbləği çox aşağıdır. İnsanlar bilir ki, təqaüdə çıxsalar, ehtiyac içində yaşayacaq, övladlarından asılı vəziyyətə düşəcəklər. 40 il işləmiş insan təqaüdə çıxdıqda niyə möhtac vəziyyətə düşməlidiir? Əsl məsələ budur. Həll olunmalı problem də budur. İnsanların əksəriyyəti təqaüd yaşının azaldılmasını istəmir, ona görə ki, təqaüdlə dolana bilməyəcəklər. Amma təqaüdlər sonradan qəbul edilmiş qaydayla deyil, əvvəlki qayda ilə hesablansa, insanlar təqaüdə çıxmaqdan qorxmaz və ömürlərinin 60 yaşdan sonrakı mərhələsini rahatlıqla yaşayarlar. Birinci məsələ, təqaüdlərin məbləğinin artırılması, ikinci məsələ isə təqaüdlərin əvvəlki qaydayla hesablanmasıdır. Deputatlar təqaüd yaşını müzakirə edincə, bu problemləri qaldırsınlar. 

M.Qəhrəmanlı təqaüd yaşının qadınlar üçün 55, kişilər üçünsə 60 olmasını təklif etdi: 

- Yaş həddi təklifləri normaldır. Ancaq əvvəlcə təqaüd məbləği və təqaüdlərin vətəndaşın mənafeyinə, mövcud sosial duruma uyğun hesablanması təmin edilməlidir.