Dövlət bu qədər yükü çəkə bilməz

İmkanlı qarabağlılar tikinti işlərinə cəlb olunmalıdır

Razi Nurullayev: "İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar"


     Millət vəkili Razi Nurullayev parlamentin iclasında imkanlı köçkünlərin Qarabağda tikinti işlərinə cəlb olunmasına, onlara şərait yaradılmasına çağırış edib. Deputat bildirib ki, azad olunan ərazilər çox böyükdür, bu əraziləri yalnız dövlətin öz gücü ilə bərpa etməsi uzun zaman çəkə bilər: “Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə, doğru da deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın, bina evlərini tiksin. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın yenidən qurulmasına cəlb edilsin. Aidiyyəti qurumlar layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar”. 

     Parlament üzvü təklif edib ki, dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın: “Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit verilsin, şərait yaradılsın. Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik”. 

     R.Nurullayev qeyd edib ki, ölkə Prezidenti icazəsiz daşın daş üstünə qoyulmamasını tapşırıb:

 “Mən bunu dəstəkləyirəm. Bakı və ətrafının xaosu gözümüz önündədir. Necə gəldi tikinti yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə tikinti aparılmalıdır. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, həmin evlərdə yaşayış olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyir”.