Şəkər tozunun qiymətində artım! – Səbəb: “Xaricdən asılılıq...”

“Düşünürəm ki, əsas problem yerli istehsalın artırılması ilə bağlı hökümətin qarşıya qoyduğu planların yerinə yetirilməməsi ola bilər”

“Yerli istehsalı artırmaq lazımdır. İmişli Şəkər Zavodunun potensialından daha yaxşı istifadə etmək olar”

“Nə qədər ki, biz xaricdən asılıyıq, qiymətlərin artımı davam edəcək”


Azərbaycanda son vaxtlar şəkər tozunun qiymətində artım hiss olunur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən məhsul iki dəfəyə yaxın bahalaşıb. Belə ki, ötən yay mağazalarda kiloqramı 80-90 qəpiyə satılan şəkər tozu hazırda 1 manat 40 qəpikdir. Həmçinin topdansatış qiymətində də son bir həftə ərzində artım var. Məsələn, indiyə qədər 50 kiloqramlıq şəkər tozu kisəsinin qiyməti 67 manata satılırdısa, hazırda 75 manata təklif olunur.

Bəs şəkər tozunun bahalaşması nə ilə əlaqədardır?

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bunun səbələrini izah edib. O, bildirib ki,    Azərbaycanda şəkər tozunun böyük əksəriyyəti xaricdən gətirilir, burada qablaşdırılıb bazara çıxarılır:

“Yəni, bizim yerli istehsalımız yerli tələbatı ödəmək qabiliyyətinə malik deyil. Şəkər tozu əsasən Ukraynadan gətirilirdi. Son zamanlar müharibənin başlaması, logistikanın tamamilə dayandırılması oradan gələn məhsulun miqdarını minumuma endirib. Demək olar ki, dayandırılıb. Rusiyadan da şəkər tozu alınırdı. Lakin orada da müxtəlif problemlər yaşanır”.

Bahalaşmanın qarşısını almaq üçün atılmalı olan addımları sadalayan iqtisadçı diqqətə çatdırıb ki, yerli istehal gücləndirilməldir:

“Şəkər tozunun qiymətində artımın olması xaricdən asılılığımız və yerli istehsalımızın zəif olması ilə bağlıdır. Düşünürəm ki, əsas problem yerli istehsalın artırılması ilə bağlı hökümətin qarşıya qoyduğu planların yerinə yetirilməməsi ola bilər. Yerli istehsalı artırmaq lazımdır. İmişli Şəkər Zavodunun potensialından daha yaxşı istifadə etmək olar. Nə qədər ki, biz xaricdən asılıyıq, qiymətlərin artımı davam edəcək”.