Komitə sədrinə CAVAB:“Belə deyil axı, işsizliklə bağlı ciddi...”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova sosial yardımın insanları xarab etdiyi deyib. Parlamentin komitə sədri vurğulayıb ki, insanlar işləmək istəmirlər: “Müraciət edirlər ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”. Parlamentin komitə sədrinin səsləndirdiyi fikirlər cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb. 

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bu barədə "Sherg.az"a danışarkən söyləyib ki, H.Hüseynovanın açıqlaması ölkəmizdə on minlərlə, yüz minlərlə iş yerlərinin olduğunu və vətəndaşlarımızın da işləmək istəmidiyi göstərir:

“Belə deyil axı. İşsizliklə bağlı hazırda ölkəmizdə, xüsusilə də regionlarımızda ciddi problemlər var. Regionlarda iqtisadi imkanlar olduqca məhduddur. Yetərincə iş yerləri yoxdur. İşsizlik faizi 6,8-dir. 

Bu çox böyük rəqəm deyil. Amma qeyri-rəsmi işsizlik faizi bundan daha yüksəkdir. Çünki bizdə işsiz kimi qeydiyyata alınmağın özü də çətin prosedurdur. 

Bu çətinliyə görə də əhali buna meyilli deyil. Bu mənada sosial yardımların insanları korlamağı fikri reallığı əks etdirmir. Əslində, elə bir sistem olmalıdır ki, ehtiyacı olanlar sosial yardım alsın, işə ehtiyacı olanlar isə işlə təmin olunsunlar. 

O zaman belə qeyri-leqal yanaşmalara da ehtiyac qalmaz. Bu açıqlama göstərir ki, ölkəmizdə insanların müxtəlif yollarla sosial yardım almaq imkanları var. 

Əgər belədirsə, dövlət orqanları da həmin imkanların qarşısını almalı və yalnız ehtiyacı olanlar sosial yardımla təmin olunmalıdırlar".