Türkiyə-Rusiya qaz qovşağı gerçəkləşir - Ərdoğan və Putin anlaşıb!



"Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək"
  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya qaz qovşağının yaradılması ilə bağlı göstəriş verdiyini açıqlayıb. Ərdoğan vurğulayıb ki, Türkiyə-Rusiya qaz qovşağının Trakya şəhərində yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, Rusiya ilə qaz tranziti sahəsində əməkdaşlıq davam edir: “Türkiyə Rusiya ilə qaz qovşağının yaradılmasnda maraqlıdır. Bu qovşağın yaradılması üçün Enerji və Təbii Ehtiyatlar Nazirliyimizə tapşırıq vermişəm. Qovşaq Trakyada yaradılacaq. Addımlarımızı təhlükəsizlik tədbirlərinə uyğun olaraq atacağıq". Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, Türkiyədə təbii qaz qovşağı yaradılarsa, bu ölkə həm də bu enerji resursunun qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər. Putinin sözlərinə görə, Türkiyə təbii qaz tədarükü məsələsində ən etibarlı tərəfdaşdır. Onun sözlərinə görə, Rusiya qazı Türkiyəyə tam şəkildə ötürülür: "Türkiyə Avropaya çatdırılma üçün bu gün ən etibarlı marşrut olduğunu sübut edib”.
  İqtisadçı Natiq Cəfərli "Sherg.az"a deyib ki, Avropanın illik qaz istehlakı 510 mlrd. m3-dir. Keçən ilə qədər Rusiya bu həcmin 170-180 mlrd. m3-ni bir neçə boru xətti ilə təmin edirdi. İndi bu xətlərdən yalnız biri - Ukraynadan keçən xətt işlək vəziyyətdədir: "Müharibəyə baxmayaraq nə Rusiya, nə də Ukrayna o kəmərlərə dəymirlər, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb. Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir. Həm “Türk axını”, həm də “TANAP və TAP” layihələri, bundan başqa İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var. Həcmi 30 mlrd. m3 qaldırmaq imkanı olan xəttdir. Ümumilikdə Türkiyə bütün boru xətlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və İrandan 90-100 mlrd. m3 qaz ala bilər. Bu isə Türkiyəni böyük qaz habına çevirmək üçün yetərlidir. Bundan başqa Türkiyənin özü də qaz hasil etməyə başlayır. Həm də İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır. Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olması ilə yanaşı qardaş Türkiyəyə də böyük imkanlar açır. Bu, Avropa üçün də çox önəmlidir. AB ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq. Buna görə də birbaşa olmasa da dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur. Qazın qiymətinin kəskin bahalaşması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır".
  Ekspertə görə, Almaniya və digər Avropa ölkələri iri enerji tutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər: "Bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir. Həm də gənc, dinamik nüfuzu var, işsiz olan 4 mln. nəfər vətəndaşı var ki, bunlardan da 20 faizi gənclərdir. Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Ötən əsrin 50-ci-60-cı illərində yüzminlərlə Türkiyə vətəndaşı Almaniyaya işləmək üçün axın etdi. Almaniyanın dirçəlməsində rol oynadı. İndi isə Almaniya sənayesi özü Türkiyəyə gələ bilər, bu isə qardaş ölkə üçün həyati önəmlidir".