Pensiya alanların orta yaşı açıqlanıb

Nazir: "İnsanları işləməməyə sövq etməkdən çəkinməliyik"


  "Növbəti dövrlərdə də sosial sahəyə dəstəyin artırılması davam edəcək". Bunu Milli Məclisin dünənki iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, hər zaman proqnozlaşmada konservativ yanaşma olmalıdır: "Ümumi olaraq büdcə gəlirlərində həm transferin, həm də məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 faiz azalıb, özəl sektor artıb. 2019-cu ildən bu günə qədər sosial müavinətlərin, pensiyaların, əməkhaqqının artırılması istiqamətində çox ciddi islahatlar həyata keçirilib. Hər halda belə dinamik şəkildə sosial ödənişləri artıran az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması üçün bu ödənişlər ardıcıl şəkildə həyata keçiriləcək”.

  Nazir deyib ki, insanları işləməməyə sövq etməkdən çəkinməliyik: "Nazirliyin İşsizlikdən Sığorta Fondunun ümumi büdcəsi çərçivəsində əsas mövqeyi aktiv məşğulluq proqramlarının genişləndirilməsidir. Biz öz qazancını əldə etmək imkanını yaratmalıyıq. Bu sahədə siyasətimiz növbəti dönəmdə davam edəcək. 400 minə yaxın işsizi məşğulluq proqramı çərçivəsində işə düzəltmişik, 55 min şəxsin özünüməşğulluğu təmin edilib. İldə 15-16 min ailəni özünüməşğulluqla təmin edə bilərik. Bu sahədə müraciətlərin sayı 80-90 minə çatır. Prosesin tam şəffaf olması üçün bütün tədbirlər görülüb”.

  Sahil Babayev bəyan edib ki, şəhid ailələrinə, müharibə veteranlarına xüsusi dəstək göstərilir: "Artıq bu kateqoriyadan olan 9000 şəxsə özünəməşğulluq aktivləri təqdim olunub. Paralel olaraq, bu kateqoriyadan olan 16 min insan işə düzəlib. Bütün seqmentlər üzrə bu kateqoriyadan olan insanlara dəstəyimiz davamlı olacaq”.

  Nazir vurğulayıb ki, pensiya yaşı ilə bağlı müəyyən rəqəmlər səslənmişdi: "65 yaşına çatan insanlar arasında 60 faiz pensiya alan var, 40 faiz sosial müavinət alır. Sığorta əsaslı pensiya sisteminə malik olmaq üçün addımlar atılır. Sosial sığorta ödənişi həyata keçirmiş insanların hər biri pensiya çətiri ilə əhatə olunub. Sosial sığorta ödəməyənlərə eyni yanaşmanı tətbiq edə bilmərik. Fərdi uçot sistemində 2006-cı ildən sonra sosial sığortaya görə amnistiya tətbiq edilib. 

Bu çox böyük humanist addımdır. Sığortanı vaxtlı-vaxtında ödəyən şəxslər var, onlar fərqləndirilməlidir. Sosial sığorta ödəməyən şəxslərə sosial müavinət verilir. Bir daha vurğulamaq istəyirəm ki, ömür uzunluğu ilə bağlı rəqəmlər səsləndirilir. Beynəlxalq təcrübədə pensiya dövrü 12 il olaraq hesablanır. Bu, sosial sığorta sistemidir. Bu gün bizdə pensiyaya çıxanların 68 faizi 12 ildən çoxdur pensiya alır. Bu gün bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir”.