Yumurtanın qiyməti artıq 20 qəpiyə qalxıb 

Yerli istehsalın 100 faiz bahalaşması nə deməkdir? 

“Deməli, rəqabət mühiti yoxdur, monopoliya yenə öz “qanununu” diktə edir”

  ABŞ-də quş qripi epidemiyası yumurta istehsalını azaldıb. İnflyasiya səbəbindən qiymətlər rekord həddə yüksəlib. Epidemiyadan zərər çəkmiş yumurtlayan toyuqların sayı 43 milyonu ötüb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin ərzaq qiymətləri ilə bağlı hesabatına görə, milyonlarla toyuğa keçən ilin fevral ayında başlayan quş qripi epidemiyası təsir edib. 47 ştatda 60 milyona yaxın quş məhv edildiyi halda, epidemiyadan təsirlənən yumurta verən toyuqların sayı 43 milyonu ötüb. ABŞ yumurta ehtiyatları keçən ay 2022-ci ilin əvvəlindən 29 faiz azalıb, çünki yumurta tədarükü təkrarlanan epidemiyalar səbəbindən kəskin düşüb. 

  Bizimkilərin qulaqlarından iraq. İndi də quş qripini bəhanə edib, yumurtanın qiymətini “əlüstü” qaldırarlar. Zatən, yumurtanın qiyməti əl yandırır. “Kənd yumurtası”nın qiyməti 35-40 qəpik, broyler yumurtası isə 19-20 qəpiyədir. Məlum məsələdir, yumurta ən çox istehlak olunan məhsullara aiddir və bu məhsul əlavə dəyər vergisindən də azaddır. Məhz ən çox istehlak olunan məhsullara aiddir deyə ƏDV-dən azad edilib ki, qiymət artımının qarşısı alınsın, lakin işbazlar bundan daha çox gəlir əldə etmək məqsədilə yararlanır. 
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, pandemiyaların ərzaq məhsullarının istehsalına mənfi təsir göstərməsi gözlənilən haldır: 
- Pandemya, infeksiya yönümlü xəstəliklər elə vəziyyət yarada bilər ki, nəinki qiymət artımı baş verər, hətta istehsal da dayanar,  istehsal edilmiş məhsullar satışdan çıxarılar, məhv edilər və nəticədə qıtlıq yaranar. Lakin “quş qripi” ilə bağlı, hesab edirəm ki, belə bir vəziyyətin yaranması ən az ehtimal ediləndir. Çünki “quş qripi” qarşısı alına bilən infeksiyalara aiddir. Yəni bu virus yeni deyil, dünya artıq illərdir onu tanıyır, onunla mübarizə, qarşısının alınması üsulları da bəllidir. Xüsusən broyler təsərrüfatları bu işləri bilir, qabaqlayıcı tədbirlər görürlər. Əslində görməlidirlər. Odur ki, istehsalın azalması, quşlar arasında tələfat qısa bir mərhələni əhatə edir. Sadəcə, nəzarət olmalıdır ki, əlverişsiz vəziyyətdən sui-istifadə edilməsin. Müəyyən zamanlarda biz yumurtanın qiymətində artım olduğunu görürük. Baxmayaraq ki, bu məhsul ƏDV-dən azaddır, yenə də qiymət artımı baş verir.

 İstehsalçılar bunu yemin qiyməti, idxal olunan hansısa digər komponentlərin qiymətindəki artımla əsaslandırmağa çalışırlar. Amma nəzərə almaq istəmirlər ki, axı istehsalçılar üçün də güzəştlər var. Quşçuluq avadanlıqları, profilaktika və diaqnostika məqsədilə, xəstəliklərə qarşı istifadə edilən preparatlar ƏDV-dən azaddır. Bu güzəştlər sahibkarlar ziyanla işləməsin, yerli istehsal artırılsın deyə edilir. Hökumət bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərinə müdaxilə etmir, amma nə görürük, elə bu yumurtanın qiyməti 12-15 qəpikdən 20 qəpiyə qalxıb artıq. Yerli istehsalın 100 faiz bahalaşması nə deməkdir? Deməli, rəqabət mühiti yoxdur, monopoliya yenə öz “qanununu” diktə edir. İstehsal sahələri çoxalmalıdır ki, bolluq olsun, o zaman qiymət avtomatik düşəcək.