Faizlər hələ də yüksəkdir

Böyük banklar kreditləşmədə maraqlı deyil

  “Son ayların tendensiyası ölkə üzrə kreditləşmənin azalmasından xəbər verir. Kredit portefli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda kredit qoyuluşları 3 faizdən çox azalıb”.

  Bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə,   bunun səbəbləri risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması, bir sıra banklarda kreditə əlçatanlığın tam təmin olunmaması və təbii ki, faizlərin hələ də yüksək olmasıdır.

  Bu baxımdan, Mərkəzi Bank tərəfindən həm kredit qoyuluşlarının artırılması, həm də faizlərin optimallaşdırılması üçün təşviqedici tədbirlərin dairəsinin genişləndirilməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırılması vacibdir: “Əmanət gəlirləri vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələlərdəndir.

 Mərkəzi Bank kredit faizlərinin artırılması üçün hər hansı əsasın olmadığını bəyan edib. Hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olunmadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir. 

Bu baxımdan, həm kredit faizləri, həm əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq”.