Azərbaycan kimi ölkədə iri təsərrüfat modeli mümkünsüzdür 


Ən azından yaxın 10 illər üçün. Əgər Qarabağda torpaq islahatları ədalətsiz olsa, qayıdışda ciddi problemlər olacaq

  Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək. Xüsusilə də Türkiyə və İsrailin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək.  Torpaq islahatı ilə bağlı təcrübələrinin öyrənilməsi üçün çox uğursuz ölkələrin seçildiyini vurğulayan  iqtisadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, İsraildə torpaq islahatı 2009-cu ildə keçirilib. İslahat kənd təsərrüfatı torpaqlarını əhatə etməyib, həyətyanı torpaqların və daşınmaz əmlak altındakı icarədə olan torpaqların şəxsi mülkiyyətə verilməsini nəzərdə tutub: 

“Məqsəd evlərin qiymətinin aşağı salınması, torpaqların idarə olunması ilə bağlı dövlət xərclərinin və bürokratik əngəllərin azaldılması olub. Bu gün İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi vur-tut 450 min hektardır, onun təxminən 160 min hektarı suvarılır. Müqayisə üçün deyim ki, bu gün Azərbaycanda təkcə “Agro Dairy”nin əkdiyi torpaqlar 100 min hektara yaxındır. İsaildə torpaqların cəmi 7 faizi özəl sektordadır. Bu gün İsraildə hansısa uğurlu torpaq islahatından danışmaq yersizdir. Bu ölkənin kənd təsərrüfatı möcüzəsinin səbəbi yeni bitki sortlarının yetişdirilməsi, suvarmanın innovativ sistemlərinin və qabaqcıl texnologiyanın tətbiqidir.

  Türkiyəyə gəlincə, bu ölkədə torpaq islahatına iki dəfə cəhd olunub, ikisi də uğursuzluqla nəticələnib, ikincidə CHP hətta hakimiyyəti Adnan Menderesə təhvil verməyə məcbur olub, yəni torpaq islahatı keçirib, torpaqları ağalardan alıb yoxsul kəndlilərə vermək cəhdinin bədəlini ağır ödəyib, çünki Menderes də böyük torpaq sahələri olan ağa idi. 

İkincisi, hökumət, Kənd Təsərrüfatı Nazirliyinin dili ilə torpaq islahatı nəticəsində kiçik torpaq sahələrinin yaranmasını I torpaq islahatının naqis tərəfi kimi təqdim edir. Halbuki kənd təsərrüfatı az-çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu sektor kiçik və orta fermerlərin çiynində dayanır. İnkişaf etmiş ölkələrdə hökumətlər bizimkilərin xoşuna gəlməyəcək əks taktika işlədir, torpaqların bir neçə əldə cəmləşməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edir. 

Məsələn, bu şəkildə: bir şəxsin 100 ha-dan (Rumıniya), 300 ha-dan (Macarıstan), 500 ha-dan (Polşa) çox torpaq sahəsi əldə etməsinə qadağa qoyur. Və yaxud digər bir tənzimləmə aləti: pay torpaqları satıla bilməz, yalnız icarəyə vermək mümkündür”.

  Dünya Bankının ekspertlərinin və tanınmış tədqiqatçı alimlərin araşdırmalarına istinad edən Q.Toğrul deyib ki,  torpaqların bir neçə əldə cəmləşməsi iqtisadi inkişafı zəiflədir, kənd yerlərində yoxsulluğu artırır. Kənd təsərrüfatı sahəsində böyük təsərrüfatlar yalnız o zaman iqtisadiyyata pozitiv töhfə verir ki, dəqiq və ədalətli işləyən dövlət institutları mülkiyyət hüququnun qorunmasını təmin etsinlər və torpaqlardan təyinatına uyğun istifadə olunmasına ciddi nəzarəti həyata keçirsinlər: “Eyni zamanda kiçik və orta fermerlərin də böyüklər kimi ucuz maliyyə mənbələrinə və texnologiyalara rahat çıxışı olsun.  

Torpaq islahatının keçirilməsi o zaman uğurlu sayılır ki, torpaqların kənd yerlərində yaşayanlar arasında bərabər və ədalətli bölgüsü həyata keçirilsin, torpaqların kimlərinsə əlində cəmlənməsinə imkan verilməsin”.
  İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, böyük torpaq sahələri əhalinin maksimum 15-20 faizinin kəndlərdə yaşadığı və urbanizasiyanın ən yüksək həddə olduğu, məşğul əhalinin isə cəmi 1-3 faizinin aqrar sektorda çalışdığı sənayeləşmiş və yüksək texnoloji iqtisadi struktura malik ölkələrdə mümkündür. Belə ölkələrdə təmərküzləşmə 100 illərlə, təbii proses kimi baş verib. Azərbaycan kimi aqrar tipli, əhalisinin hər 2 nəfərindən birinin məşğulluq baxımından kənd təsərrüfatına, yaşayış baxımından isə kəndə bağlı olduğu ölkədə iri təsərrüfat modeli mümkünsüzdür - ən azından yaxın 10 illər üçün. Əgər Qarabağda torpaq islahatları ədalətsiz olsa, qayıdışda ciddi problemlər olacaq. Digər tərəfdən də bu ölkədə çox ciddi sosial və siyasi narazılıqlara zəmin hazırlayacaq".