200 min manata qaldırıldı

Ciblərində bu qədər pulu olan əcnəbilər Azərbaycanda daimi yaşamaq hüququna malik olacaq

Qanunun təkmilləşdirilməsi miqrasiya sahəsində mövcud olan sui-istifadə hallarının qarşısını alacaq

  Miqrasiya Məcəlləsinə dəyişikliklə təklif olunur. Bildirilir ki, dəyişikliklər yerli əmək bazarının qorunması, daşınmaz əmlak bazarının, qiymətli kağızlar və bank sektorlarının inkişafına dəstək, real investisiya qoyuluşu ilə nəticələnməyən xarici investisiyalı kommersiya hüquqi şəxslərin sayının süni surətdə artması riskinin qarşısını almaq, eləcə də miqrasiya sahəsində dövlət siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər nə vəd edir? 
  Mövzu ilə bağlı “Şərq”ə danışan miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənov bildirdi ki, Miqrasiya Məcəlləsinə dəyişikliklər bir neçə ildir təklif olunur. Bu zaman həm iqtisadi aspektlər, həm də əmək bazarıyla bağlı mövcud vəziyyət nəzərə alınır. Miqrasiya sahəsi dəyişən bir fenomendirsə, miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazasının da dəyişikliyə cavab verəcək tərzdə olması zəruridir: 
- İstənilən dövlətdə həmin dövlətin digərləri ilə miqrasiya mübadilələri olur. Bu sənəd bir çox göstəricilərlə, indikatorlarla özünü büruzə vermiş olur. Əsas indikatorlar ölkə ərazisinə gəlib, müvəqqəti və ya  daimi yaşayış icazələri olan, əmək fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı olan indikatorlardır. Zaman-zaman həmin kateqoriyadan olan əcnəbilərlə bağlı ümumi vəziyyət dəyərləndirilir. Yəni hər dövrün tələblərinə uyğun olaraq yeni çağırışlar formalaşır və buna uyğun olaraq da qanunvericilik təkmilləşdirilir. Necə ki, miqrasiya sahəsinin, bu prosesin özü dəyişən bir fenomendir, eynilə də həmin miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazasıdır ki, dəyişikliyə cavab verəcək tərzdə olsun.
  Qeyd edək ki, dəyişikliklərdə daha çox hallandırılan məqam Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olduqda müvəqqəti yaşamaq icazəsinin verilməsi ilə bağlı müddəanın dəyişdirilməsidir. A.Allahverənov bildirdi ki, sahibkar miqrantlar Azərbaycanda mövcud qanunvericiliyə əsasən, iş icazəsi ilə müvəqqəti yaşamaq hüququna malik olurlar. Lakin son illərdə müşahidə edilən vəziyyətə görə, bu imkandan sui-istifadə edənlər də olurdu: 
- Qanuna təklif olunan dəyişikliyə görə, Azərbaycanda müvəqqəti yaşamaq üçün minimum 100 min manat kifayət qədər uyğun məbləğdir ki, əcnəbilər burada mülkiyyət sahibi olsun. Lakin əmlak bazarında 100 min civarında olan daşınmaz əmlak tez satıldığı üçün daha baha qiymətə olan əmlaklar qalırdı və istehlakçılar narazılıq edirdi. Yeni dəyişikliyə görə isə həmin məbləğin 200 min manata qaldırılması xarici vətəndaşın cibinə uyğundursa, o, burada daimi yaşamaq hüququna malik olacaq. İstər 200 min manatlıq tələb, istərsə də tələblərin sərtləşdirilməsi ilə bağlı irəli sürülən digər bir sıra təkliflər artıq bir neçə ildir ki, müzakirə olunmaqdadır. Burada miqrasiya sahəsində real vəziyyət, əmək bazarı öyrənilir, eyni zamanda müvəqqəti yaşamaq icazəsi almaq istəyən əcnəbilərin halları nəzərdən keçirilir və konkret olaraq müəyyən sui-istifadə hallarının qarşısını almaq məqsədilə təkliflər irəli sürülür. Miqrasiya proseslərinin səmərəli idarə olunmasında maraqlıyıqsa, təbii ki, sui-istifadə hallarının qarşısını almalıyıq. Ümumilikdə, Miqrasiya Məcəlləsində qeyd edilən dəyişikliklərin edilməsini çox müsbət hal kimi qiymətləndirirəm və ümid edirəm ki, hazırda müzakirə olunan bu yeniliklər qanuna əlavə olunacaq. Hesab edirəm ki, qanunun təkmilləşdirilməsi miqrasiya sahəsində mövcud olan sui-istifadə hallarının qarşısını alacaq və nəticə etibarı ilə bu sahəni daha da şəffaflaşdıracaq.