Bəzi banklar arasında qeyri-rəsmi razılaşmalar var

Əksər bankların təklif etdiyi kredit faizləri eynidir 


Azərbaycanda kredit faizlərinin yüksək olması, həmçinin banklarda depozit və kredit faizləri arasındakı fərqin hiss olunacaq dərəcədə böyük olması cəmiyyətimizdə haqlı narazılıqlar yaradır. Dövri olaraq gündəmə gələn bu  məsələdə əsas günahkar banklar hesab olunur. Kredit üzrə faiz dərəcələrinin  aşağı endirilməsində maraqlı olmayan banklar bunun ölkənin kredit bazarında olan tələb və təklif amilindən asılı olduğunu iddia edirlər. 

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə deyib ki, bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir: “Mərkəzi Bankın iştirak etdiyi tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir. Bilirik ki, qiymətin formalaşması üçün tələb və təklif amilləri rol oynayır. Faiz isə pulun qiymətidir. Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndiririk ki, həmin çərçivələrə riayət olunsun. Amma Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir” . 

  
İqtisadçı-ekspert  Əyyub Kərimli isə  “Sherg.az”a açıqlamasında deyib ki, kreditlərin illik faiz dərəcələrinin yüksək olması səbəbi depozitlərin bahalığından qaynaqlanır. Bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır: “Kredit faizlərinin maya dəyərinin formalaşmasında əsas faktor depozit üzrə faiz dərəcələridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan banklarının kredit portfelinin 80 faizini depozitdən cəlb edilmiş vəsaitlər təşkil edir. Hazırda manat üzrə depozit faizləri illik 10-12 faiz təşkil edir. Banklar vətəndaşların banklardakı əmanətlərini kredit olaraq  sahibkarlara və  kredit almaq istəyən digər vətəndaşlara verirlər. Depozitlərin faiz dərəcəsi isə yüksəkdir. 
Dünyanın heç bir ölkəsində faiz dərəcəsi bu qədər deyil. Hesab edirəm ki, banklar daha çox xaricdən ucuz maliyyə əldə etməklə əhaliyə verilən  kreditlərin faizini azalda bilər. Bizim  bankların beynəlxlaq kapital bazarlarına birbaşa çıxışları yoxdur. Bu səbəbdən banklarımız aşağı faizli maliyyə resurslarını cəlb etməkdə çətinlik çəkirlər”.
 
 Banklar arasında rəqabət mühitinin zəif olduğunu xatırladan Ə.Kərimlinin sözlərinə görə, bəzi banklar arasında kredit faizləri ilə bağlı  qeyri-rəsmi razılaşmalar əldə olunub: 

“Əksər bankların təklif etdiyi kredit faizləri eynidir.  Bu isə həm qanunvericiliyə ziddir, həm də rəqabət mühitinin şərtlərinə uyğun deyil. Əgər bank sistemində liberal iqtisadiyyata şərait yaradılsa, bank faizlərində azalmalar müşahidə edərik.  Lakin bir məsələni də qeyd edim ki, Mərkəzi Bankın uçot dərəcəsi artıq  9 faizə çatıb və bu, kifayət qədər yüksək rəqəmdir. Bu da kreditlərin faizinin yüksək olmasına təsir edir”. 
  
İqtisadçının fikrincə, kreditlərin çox  ucuz olması da arzuolunan hal deyil. Onun sözlərinə görə, inflyasiya şəraitində kredit üzrə faizlərin azalması inflyasiyanın daha da yüksəlməsinə səbəb olar. İnflyasiya yaratmasın deyə kredit faizləri Azərbaycan iqtisadiyyatına uyğunlaşdırılmalıdır.