Ölkənin beşdə biri yenidən qurulur

Qarabağ prosesində fəhlədən menecerə, bənnadan memara qədər çoxlu sayda peşə sahiblərinə ehtiyac var

“Qarabağın təbii turizm potensialı sayəsində əhalinin bir qismi işlə təmin olunacaq ki, bu, məşğulluq probleminə böyük bir töhfədir”


İşğaldan azad edilmiş torpaqlarımıza həyat yenidən qayıdır. İşğaldan azad edilmiş ərazilərimizə qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində genişmiqyaslı işlər aparılır. 

Qeyd edək ki, "Böyük Qayıdış" proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib. Həmin tədbirlərin davamı olaraq növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq. Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır. Xatırladaq ki, Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.
 
İqtisadçı-ekspert  Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında bildirib ki, “Böyük Qayıdış”dan sonra orada yaşayacaq yerli vətəndaşlar üçün məşğulluğun təmin olunması dövlətin də diqqət mərkəzində olan mühüm məsələdir.
  

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: 

“Qarabağda aparılan bərpa işləri ölkədə məşğulluq səviyyəsinə  də  müsbət təsir göstərir. Məşğulluğun təmin edilməsinin əsas şərtlərindən biri tələb olunan müvafiq infrastrukturun yaradılmasıdır.
 
 Keçmiş məcburi köçkünlərin bu prosesdə aktiv iştirakı üçün şübhəsiz ki, bir çox peşə təlimi proqramlarının həyata keçirilməsinə ehtiyac var. Qarabağda ölkənin beşdə biri yenidən qurulur və bu prosesdə fəhlədən menecerə, bənnadan memara qədər çoxlu sayda peşə sahiblərinə ehtiyac var.  Bölgənin həm də turizm nöqteyi-nəzərdən yüksək  potensialı olduğu üçün  gələcəkdə bu istiqamətdə də yüksək  inkişafa nail olunacağını zənn edirəm. Qarabağın təbii turizm potensialı sayəsində  əhalinin bir qismi  işlə təmin olunacaq ki, bu, məşğulluq probleminə böyük bir töhfədir. 3 ildən az bir vaxtda  işğaldan azad olunmuş ərazilərdə görülən işlər onu deməyə əsas verir ki, qısa müddət ərzində  həmin ərazilərdə məşğulluq sahəsində də heç bir problem olmayacaq”