O gün olsun, Şuşada görüşək

Xalq artisti döyüşə getməyə hazırdır

Əvvəl böyüklərimizdən, valideynlərimzdən ötən əsrdə baş verən tarixi olayları dinləyirdik. İkinci Dünya müharibəsindən, birinci Dağlıq Qarabağ savaşından bəhs edirdilər. Biz də neyləyək? Sadəcə qulaq asırdıq.

Azdan-çoxdan məlumat öyrənirdik. Bir də rəhmətlik Çingiz Mustafayevin o ölümsüz kadrlarında düşmənimizin nə qədər azğın, qəddar olduğunu görürdük.

Bir sözlə, mən və yaşıdlarım o illəri yaşamamışıq, amma bilirdik. Ağrısını, acısını, yaşımızdan böyük olan bu torpaq həsrətini qəlbimizdə yaşadırdıq. 

 İndi isə tarixi anlara şahidlik edirik. Həm də qürurluyuq. Qalibiyyətimiz, zəfərlərimiz, uğurlarımız ürəyimizi dağa döndərir. Böyükdən-kiçiyə hər kəsin arzusu, diləyi təkdir: Qarabağ. O yerləri görən də, görməyən də həsrətdədir. İndi əsl Vətən müharibəsi, torpaq savaşı gedir. 

Aktyor, Xalq artisti Əjdər Həmidov da “Sherg.az”a haqq savaşımızdan danışarkən bu cümləni təsdiqləyib. Sənətkar açıqlamasına davam edərək bunları söyləyib:

“Bir söz var. Deyir, torpağa su qatarsan palçıq, qanla qarışan zaman isə Vətən olar. Ona görə ordumuz sağ olsun. Böyük qələbələrlə, uğurlarla bizi çox sevindirir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Ordumuz irəliyə doğru gedir. Torpaqlarımız yavaş-yavaş işğaldan azad olunur. Biz ona görə  fərəhlənirik, fəxr edirik”.

Ə.Həmidov, həmçinin ehtiyac yaransa döyüşə getməyə hazır olduğunu da vurğulayıb:

“Sovet dövründə çəkilən bir film var. Adı: Döyüşə qocalar gedir. Əgər məsləhətli olsa, Ali Baş Komandanımız uyğun görsə, əmr etsə, biz qocalar da döyüşə getməyə hazırıq. Vətən uğrunda, torpaqlarımız üçün vuruşmaq  böyük şərəfdir.

Yeri gəlmişkən, bu döyüşlərdə şəhid olmuş oğullarımıza Allahdan rəhmət diləyirəm. Qalanlara cansağlığı arzu edirəm. O gün olsun, Şuşada görüşək. Bayrağımızı Şuşada, Xankəndində dalğalandıraq.

İnanıram ki, qısa müddətdə ordumuz qələbə çalacaq. Qarabağ Azərbaycandır!”.