Türkiyədə yaşayan əməkdar artist: “Qarabağda festivallar keçirəcəyimiz gün yaxındadır!”

Harada, hansı ölkədə yaşamaqlarından asılı olmayaraq, dünya azərbaycanlılarının son bir aydır ki, qayğıları, düşüncələri eynidir-İkinci Dağlıq Qarabağ müharibəsi və onun fonunda baş verən hadisələr. Əzizləri ilə telefon danışığında hər birinin ilk sualı təxminən belə olur: “Cəbhədən nə xəbər var?”.  Mümkün qədər az danışmağa, bir neçə sözlə vəziyyəti öyrənməyə çalışırlar. “Google”dakı axtarışlar da oxşardır: “Prezidentdən yeni “tvit””, “Azad olunan ərazilər”, “Düşmən ordusu darmadağın edildi”…Bir sözlə, dünya azərbaycanlılarının ürəyi indi birlikdə döyünür. Türkiyənin İstanbul şəhərində yaşayan soydaşımız, Əməkdar artist Turan Manafzadə də, özü uzaqda, ürəyi bizlə olanlardandır. Odur ki, “Sherg.az” olaraq Turan xanımla əlaqə saxladıq və suallarımızı cavablandırmasını xahiş etdik:


-İctimai xadim, Əməkdar artist kimi hazırkı vəziyyətlə bağlı düşüncələriniz nələrdir?

-Vətənim öz haqlı mübarizəsində zəfərə doğru addımlayır. Bu, bütün dünyaya məlumdur. Ordumuza güc, qüvvət arzulayıram! Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və xalqımıza baş sağlığı verirəm.

-Son həftələr ərzində Qarabağ haqqında, hərbi-vətənpərvərlik ruhunda xeyli musiqilər bəstələndi, mahnılar yazıldı. Bu təşəbbüsə münasibətiniz necədir?

-Əlbəttə, çox yaxşı. Düzü, həmin əsərlərin çoxunu dinləməmişəm. Amma hər kəsin öz sahəsində mübarizə apardığına, haqq səsimizi duyurmağa çalışdığına əminəm.

-Bəs siz öz sahənizdə bu istiqamətdə hansı addımlar atırsınız?

-Vətənpərvər bir ailə olaraq biz həmişə Azərbaycanı dünyada təmsil edirik. Qardaşım Abuzər Manafzadənin bəstələdiyi “Xocalıya” əsərini bütün ailə üzvlərimiz hər yerdə və hər zaman ifa edirik. Mən “Xocalıya”nın dirijorluğunu da edirəm. Yazdığım əsərlərimlə Azərbaycana olan sevgimi hər zaman bildirmişəm. May-iyun aylarında AXC-nin, diasporun yaranmasına və ürəyində Azərbaycan sevgisi olan hər kəsə iki musiqi ithaf etdim- “Azərbaycanım”və “Yüksəliş”. Onlar insanlara yüksək əhval-ruhiyyə, ümid verdi və sosial mediada çox paylaşıldı.

-Türkiyədə Dağlıq Qarabağ müharibəsinə münasibət necədir?

-Qardaş ölkədə həm hakimiyyət, həm xalq, həm də media bizi dəstəkləyir. Çox gözəl mesajlar alırıq. Hər yerdə iki bayraq yanaşı asılıb. Həmçinin pakistanlı qardaşlarımızdan gələn dəstək mesajları da bizi çox sevindirir.

-Maraqlıdır, müharibə ilə bağlı ən son xəbərləri haradan alırsınız?

-Təbii ki, güvənilən, etibarlı mənbələrdən. Yeri gəlmişkən, dəfələrlə haqqında danışılan bir məqamı xüsusi vurğulamaq istəyirəm: vacib məlumatların, o cümlədən foto və videoların vaxtından əvvəl paylaşılmaması üçün hər kəsin rəsmi məlumatlara istinad etməsi çox vacibdir.

-Əlbəttə, bizim xanımlarımız da döyüşməyə hazırdırlar. Amma buna ehtiyac yoxdur. Düşmən ordusunda isə elə vəziyyət yaranıb ki, artıq qadınların əlinə silah verib döyüşə göndərirlər...

-Mən cinslərin bərabərliyinin tərəfdarıyam. Bu mənada qadınlarımızın cəbhəyə yollanması ilə ancaq qürur duya bilərəm. Amma dediyiniz kimi, indiki məqamda buna ehtiyac yoxdur. Hərbi əməliyyatları uğurla davam etdirən igid əsgər və zabirtlərimizə  arxa cəbhədə mənəvi dəstək göstərilməlidir.

-Əlbəttə, Qarabağın tamamilə azad olunması uzaqda deyil. Bir çox sənətçilərimiz artıq konsert vədi veriblər. Bəs siz?

-Bir müddətdir sizin dediyiniz qəbildən olan mesajlar alırıq. Şuşada konsertimizi gözlədiklərini deyirlər. Sözsüz ki, qürurvericidir. Ümid edirəm, ordumuz ən qısa zamanda zəfər qazanacaq. Qarabağda konsertlər, festivallar keçirəcəyimiz gün çox yaxındadır!