"Bir ara küsdüm, sənəti atmaq fikrinə gəldim"

Tacir Şahmalıoğlu: "Sonra gördüm ki, düşmən sevindirirəm, qayıdıb, mübarizəyə başladım"

"İstəyirəm ki, dövlətim də məni qiymətləndirsin, fəxri ada layiq görsün. Çünki layiq olmayanların belə titulu var"


Bir müddət öncə sənətçi Tacir Şahmalıoğlu ona fəxri ad verilməsilə bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət edib. Müğənni prezidentə səsləndiyi videosunu instaqram səhifəsində paylaşıb. Xatırladaq ki, Tacir bəy həmin video-müracitədə bunları söyləyib:

“Hamı deyir ki, sənə fəxri ad verilsə sevinərik. Ona görə burdan Ali Baş Komandanımıza, Mehriban xanım Əliyevaya səslənirəm, səsimə səs versinlər. Qohum-əqrəbalarımın, balalarımın yanında “sınıram”. Hamı deyir ki, nəyə görə sənə fəxri ad vermirlər? Amma həmişə demişəm ki, bir az təmkinli olun, hər şeyin vaxtı var. Bax, o vaxt indi gəlib çatıb. Mənim fəxri adım layiqincə verilməlidir. İmkan varsa, ölkə başçısı mənimlə görüşsün və fəxri adımı versin. Tələbəmin tələbəsinin fəxri adı var. Hansı ki, mən Azərbaycan musiqisində bir yol qoymuşam və bundan bizim gənc müğənnilərimiz də bəhrələnir, halal xoşları olsun...”

T.Şahmalıoğlunun videosuna yüzlərlə rəy gəlib. Sənətkarın izləyiciləri onu dəstəklədiklərini bidiriblər. Hər kəs illərdir sənətdə olan, az yaşında “Bayatı-Şiraz”a möhür vuran Tacir Şahmalıoğlunun fəxri ada layiq olduğunu düşünür. 

Biz yenidən incik sənətkarın özü ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Gəlin, T.Şahmaloğlunun arzusunu bir də “Şərq”də oxuyaq.

- Video-müraciətinizə dövlət qurumlarından cavab gəldimi?

- Hələ səs-soraq yoxdur. Lakin 10 gün sonra yenidən müraciət edəcəm. 

- Fikrinzcə, sizə qarşı bu laqeydlik nədən qaynaqlanır?

- Əslində o məsələ mənə də qaranlıq qalıb, səbəbini bilmirəm.Tək onu bilirəm ki, böyük ədalətsizlik var. Mənə  bu xırdalıqlar lazım deyil. Sadəcə istəyirəm ki, layiqli adımı versinlər. Ona görə müraciət etmişəm. Yenidən səslənəcəm. Arzuma çatana qədər susmayacam. O qədər xain adam var ki... Neçə-neçə istedadlar batdı, getdi. Mən Sovet dövründə də yaşamışam. O zaman belə deyildi. Harda istedadlı, bacarıqlı uşaqlar varsa,  üzə çıxardırdılar. Hətta Moskvanın Kreml sarayında, böyük teatrda, eləcə də müxtəlif şəhərlərdə  istedadlı gənclərin çıxışları olurdu. 

- Təəssüf ki, üzdə olanlar, daha çox tanınanlar sənətdən xəbərsiz adamlardır.

- Əminliklə deyirəm ki, sənətkar insan özünü gözə soxmur. İstedad  Allah vergisidir. Mənim sənətim Tanrının bəxşidir. Qarabağ torpağından suyundan gələn qabiliyyətdir. Lakin qiymət verilmədiyi üçün bir ara küsdüm, sənəti atmaq fikrinə gəldim. Sonra gördüm ki, küsməklə düşmən sevindirirəm. Və qayıdıb, mübarizəyə başladım. Sona qədər də mübarizə aparacam. Onu da deyim ki, zatən  xalq mənə  adımı verib. Məsələn, rəsmi olaraq xalq artisti deyiləm. Buna baxmayaraq hansı şadlıq sarayına, məclisə, tədbirə getsəm, xalq artisti kimi çağırırlar. Bu millət tərəfindən verilib. Amma istəyirəm ki, dövlətim də məni qiymətləndirsin, fəxri ada layiq görsün. Çünki layiq olmayanların belə titulu var.  

- Yeni Mədəniyyət naziri Anar Kərimova müraciət etmisinizmi?

- Yazılı müraciət göndərmişəm. İnşallah gedib çatar. Amma hələ bir səs yoxdur. Yeri gəlmişkən deyim ki, video vasitəsilə çağırış etməyimdə bir məqsədim vardı.  Mərhum prezidentimiz Heydər Əliyevlə bağlı bir-neçə xatirəm var. Ona görə dedim ki, cənab prezident məni qəbul etsə, həmin xatirələrimi danışardım. Hansı ki, ümummilli lider bizimlə dəfələrlə görüşdə olub, xeyir-duamızı verib. Rəhmətliklə  xatirələrimiz çoxdur. Cənab Prezident  İlham Əliyevlə görüşə bilsəm, qəlbimdəki sözləri deyərdim. 

- Şübhəsiz ki, cənab prezident səsinizi eşidəcək. Xalq da istəyinizə biganə qalmadı...

-Bəli, mənə çox dəstək gəldi. O paylaşıma 1700 rəy yazdılar, hamısı da müsbət idi. Bir-iki nəfər mənfi fikir bildirən oldu. Onlar haqsızlıq etmişdilər. Biri yazıb ki, müharibə müddətində gizlənib, indi ortaya çıxmısan. Halbuki, şahidlərim var. Dəfələrlə əsgərlərimizə sovqat aparıb, onlarla görüşmüşəm. Sadəcə reklam etməyi sevmirəm deyə heç yerdə bildirmədim. Lakin onlardan başqa hamı yazdı ki, sizə ad verilməsini biz də istəyirik.