Sənətçilərdən etiraz: “Teatr üçün çox darıxmışıq” – Açılsın! 

Sənubər İsgəndərli: “COVİD pasportu ilə hər yerə getmək olursa, niyə  teatrlara, kinoteatrlara  getmək mümkün deyil”?!”

Vüsal Murtuzəliyev:”Bir daha sübut edirlər ki, teatr və kino bizim üçün ən sonuncu məsələdir”

Firəngiz Mütəllimova:“Covid pasportu ilə tamaşaçılar teatra buraxıla bilər”

Fəridə Aslanova: “Ümid edək ki, teatr mövsümümüz onlayn olmayacaq”


Aktrisa Sənubər İsgəndərli teatr və kinoteatrların açılmamasına etiraz edib. O, Feysbuk profilində bu sözləri yazıb:
“COVİD pasportu ilə hər yerə getmək olursa, niyə  teatrlara, kinoteatrlara  getmək mümkün deyil”?!

S.İsgəndərlinin statusuna sənət dostları da fikir bildiriblər.

Məsələn, aktyor Vüsal Murtuzəliyev “Bir daha sübut edirlər ki, teatr və kino bizim üçün ən sonuncu məsələdir” şərhini əlavə edib.

“Sherg.az”la həmsöhbət olan xalq artisti Firəngiz Mütəllimova isə yoluxanların sayının xeyli artdığını söyləyib:

“Delta ştamının da qorxulu olduğunu deyirlər. Belə vəziyyətdə, bir söz deyə bilmirəm. Mən də teatrın açılmasını istəyirəm, həvəslə gözləyirəm. Lakin bu durumda necə açıla bilər?  Arzum budur ki,  koronavirus bəlası bitsin, teatrlarımız fəaliyyətə başlasın. Teatr bizim ikinci evimizidir, hamımız getmək, orada olmaq istəyirik. Çox darıxmışıq. Sanki həyatımız sönüb. İstəyirəm ki, bütün həmkarlarım sağlam olsunlar. COVİD qurtarsın, işimizə başlayaq. Çünki iş insanın  cövhəridir. Hər halda  dövlət bizdən yaxşı bilir. Bir ara  sentyabrda açıla biləcəyi söylənilirdi. Amma indi yoluxanların sayı çoxalıb. Həm ehtiyat edirik, həm darıxırıq. Tək allah bilir ki, nələr yaşayırıq. Sənətimizlə nəfəs alırıq. Bununla yanaşı bir-birimizə öyrəşmişdik,  hər gün görürşürdük, dərdləşirdik”.

Aktrisa serial çəkilişlərinin dayandığını xüsusi vurğulayıb.

“May ayında final oldu.  Hazırda  təkrarlarını yayımlayırlar.  Başqa seriallara baxıram, çəkilişlər davam edir. Serialda bir az fərqlidir. Bəzən səhnələrdə tək olursan, yaxud da qapalı məkanda çəkilmir. Teatrda  tamaşaçı da gəlir. Düzdür, vaksinasiya olunanlar var. Covid pasportu ilə tamaşaçılar teatra buraxıla bilər. Təkrar edirəm, hissə-hissə bərpa olunacağını düşünürəm. Məktəblər açılacaq. Yəqin növbəti dəfə teatrlarla bağlı qərar veriləcək”.

Azərbaycan Dövlət Akademik Musiqili teatrının mətbuat katibi Fəridə Aslanova da mövzu haqda fikirlərini bizimlə bölüşüb:

“Teatrların açılmasını canı dildən istəyənlərdənik. Hələ bununla bağlı qəti bir tapşırıq verilmədiyinə görə, gözləyirik. Teatrımız istər sərt karantin rejimində, istərsə də 44 günlük Vətən müharibəsi dövründə işlərini onlayn davam etdirdi.

Ümid edək ki, teatr mövsümümüz onlayn olmayacaq. Məni düz anlayın, teatrımızın tamaşalarını “YouTube”də izləyəndə sanki vitaminsiz,  bütün fermentləri öldürülmüş, konservləşdirilmiş bir qida qəbul edirəm. Bəzən də zəif internet adamı hövsələdən çıxardır.

Teatr incəsənət adamlarının, sənətə qiymət verən bütün insanların ağciyəridir.  Bu sahə ilə nəfəs alanlar var. Uzun müddətdən sonra onları görəndə məəttəl qalıram. Çünki  xiffət edirlər. Elə bil sevimli peşələri əllərindən alınıb. Teatrla yaşayan adamları səhnəsiz qoymaq olmaz.

Təki bütün teatrlar fəaliyyətə başlasın. Dediyim kimi, teatrsız özümü süni tənəffüs aparatına qoşulmuş kimi hiss edirəm, onlayn tamaşa anlayışını isə ümumiyyətə qəbul etmək istəmirəm. Teatr başqa aləmdir. Bir-iki saat telefondan ayrılıb diqqətini səhnəyə yönəldirsən. Hisslərinlə baş-başa qalırsan. Düşünməyə, dincəlməyə zamanın olur. Teatrımızı tərifləmək olmasın, heç bir dəqiqə də dayanmır. Yeni mövsümə böyük ümidlərlə hazırlaşırıq. Elə bu ayın sonunda direktorumuz qastrol səfərdə olacaq. Qələbəmizlə bağlı bir çox layilərimiz oldu. Onlar haqda bir-bir mətbuata məlumat vermişəm. Ölkədə ilk dəfə inklüziv teatr layihəsi həyata keçirdik. Yəni eşitmə əngəllilərin teatr studiyasını yaratdıq. Qeyd edim ki, "İnklüziv teatr" layihəsi YUNESKO tərəfindən bəyənilib”.

 
Xatırladaq ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı epidemioloji vəziyyət imkan verərsə, teatr və kinoteatrların fəaliyyət göstərməsinin müzakirə edilə biləcəyini söyləyib.