Oqtay Əliyevdən DƏSTƏK: "Teatr sevənləri sənətdən uzaq salmaq olmaz"

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqindən sonra incəsənət adamları teatrların bağlı qalmasına etiraz ediblər. Əvvəlcə aktrisa Sənubər İsgəndərli “ Nə üçün COVİD pasportu ilə teatrlara, kinoteatrlara getmək olmur?” deyərək üsyanını dilə gətirib. Onun statusuna  Vüsal Murtuzəliyev, Tural Əhməd kimi həmkarları münasibət bildiriblər və S.İsgəndərlini dəstəkləyiblər.
Ardınca xalq artisti Nurəddin Mehdixanlı mətbuata açıqlamasında müəyyən qaydalara əməl etməklə teatrların fəaliyyətə başlamasının məqsədəuyğun olduğunu söyləyib. Əks halda bunun nəticəsinin pis olacağını xüsusi vurğulayıb.

Mövzu haqda “Sherg.az”a danışan “SOY” prodakşının rəhbəri Oqtay Əliyev sənət adamlarını dəstəkləyib:

“Hamısı haqlıdır. Teatr sənət ocağıdır, mütləq açılmalıdır. Aktyor-aktirsalarımızın yaşları ötür. Hər yaşın özü rolu var. Onlar da öz sənətlərini nümayiş etdirmək istəyirlər. İllərlə evdə oturanda bütün  hazırlıqlarını itirirlər. Gələcəkdə  səhnəyə qayıtmaq çətin olacaq. Çünki  idmançı kimidirlər. Məsələn, idmançının məşqi bir müddət dayandırıb, təkrar başlayanda eyni şəkildə fəaliyyət göstərməsi, qalibiyyət əldə etməsi mümkün olmur. Təbii ki, pandemiya  ilə əlaqəli şərtlər olmalıdır. Ara məsafəsi saxlayaraq əyləşə bilərlər. Ən azından 500 nəfərlik salona 150-200 nəfər daxil olsun. Zatən teatrda tamaşaya bilet tapılmır, oturmağa yer olmur desək, yalan olar. Teatr sevən bir kütlə var, gəlib izləyəcəklər. Onları da teatrdan, sənətdən uzaq salmaq olmaz. Bu, pis haldır.  Tamaşaçılar COVİD pasportu ilə gələrlər, içəridə də bütün qaydalara əməl edərlər. Qeyd edim ki, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının sənətçiləri oxumalıdır, məşq etməlidirlər. Bu fasilə böyük ziyan vurur. Müxtəlif yaşda olan aktyorlarımız var. Cavan da, qoca da, ortayaşlı da özünə uyğun rollar ifa etmək istəyirlər. Hər biri arzu, həvəs, yanğı ilə yaşayırlar. Teatr, incəsənət adamları  başqa cürdür. Yaxşı mənada nazları ilə oynamaq lazımdır. Onları dəstəkləyirəm. Ümid edirəm ki, Mədəniyyət nazirliyi, Nazirlər Kabineti yanında Operativ Qərargah  bu məsələnin həllini tapacaq”.