“Hamının ürəyində bir oyanış, qürur var” – Ziyalılar Şuşadan “Sherg.az”a danışdılar

Nəriman Həsənzadə:“Bu, Azərbaycan tarixində böyük bir mərhələdir”

Baba Vəziroğlu:“Şuşa zatən hər mənada ucadadır. Biz onun daha da yüksəlişini görəcəyik”

İşğaldan azad edildiyi gündən Şuşanın  dirçəldilməsi, əvvəlki xoşbəxt vaxtlarının geri qayıtması üçün işlər görülür. Elə bu günlərdə də mədəniyyətimizin paytaxtında bayram ab-havası hökm sürür.
Avqustun 29-da görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün  və Xalq artisti Bülbülün ev muzeyinin bərpa işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva hər iki mərasimdə iştirak ediblər.

Bütün bunlarla yanaşı 39 il sonra doğma Şuşada Vaqif Poeziya Günləri təşkil olunub. Açılış mərasimində Ölkə başçısı və Birinci Vitse-prezident də iştirak edib. Həmçinin tanınmış şairlər, yazıçılar da orada öz yerlərini alıblar.

Xalq şairi Nəriman Həsənzadə də bu əlamətdər günlərdə iştirak etmək üçün Şuşaya yollanıb. Nəriman müəllim doğma diyardan  “Sherg.az”a danışıb və təəssüratlarını bölüşüb:

“Cənab prezident çox gözəl çıxış etdi. O günləri, Ümumilli lider Heydər Əliyevin  1982-ci il yanvar ayının 14-dəki görüşünü xatırlatdı. Prezidentimiz Şuşanın azad olunmasından bəhs etdi. İlham Əliyev bizim böyük, qalib qəhrəmanımızdır. Özü də  qeyd etdi ki, Şuşaya yeni bərpa olunan “Zəfər yolu”ndan gəldik. Hamının ürəyində bir oyanış, qürur var. Bu, Azərbaycan tarixində böyük bir mərhələdir. Ölkə başçısı dedi ki, Vaqif Poeziya Günlərini keçirəndə atasının da 59 yaşı olub, indi özünün də 59 yaşı var. Böyük sevincimizə səbəb oldu, hamımız ayaqüstə alqışladıq. Bizim milli bayramımızdır”.



Xalq şairi Şair Baba Vəziroğlu da Vaqif Poeziya Günlərində iştirak edib. O, 39 ildən sonra yenidən Vaqif məqbərəsinin qarşısında dayandığını söyləyib:

“1982-ci il yanvarın 14-də Ulu Öndərin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində gənc yazar kimi mən də var idim. O görüş əbədi olaraq  ömürlüyümə yazıldı. Təəssüf ki, otuz il bu torpaqlara həsrət qaldıq. Lakin inamımızı itirmədik, yenidən qayıdacağımıza əmin idik və qayıtdıq. Öz evimizə gəldik, şairimizin məqbərəsinin önündə dayanıb, ruhuna rəhmət oxuduq.

Bu tədbir qalib Azərbaycanın, onun lideri Cənab Ali Baş Komandanın rəhbərliyi ilə keçirildi. İlham Əliyev bizə reallığa çevrilən möcüzəni bəxş etdi. Onunla bir yerdə, bir sırada olmaqdan qürur duyuruq. Hür məmləkətin özgür yazarları kimi Şuşa torpağına qədəm qoyduq.

Cənab prezident də dedi ki, Vaqif Poeziya Günlərini beynəlxalq tədbirə çevirmək lazımdır. Dünyadan qonaqlar dəvət etməliyik ki, Şuşanı görsünlər, bu torpağın qüdrətinin, necə istedadlar yetişdirdiyinin şahidi olsunlar.

Ali Baş Komandan biz qələm adamlarına  Azərbaycan mədəniyyətinin baş tacı Şuşada yığılmaq, tarixi günlər yaşamaq şansını verdi. Bir daha Cənab prezidentə, Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Prezidentimiz bu günə qədər nə deyibsə, hamısı reallaşıb.

Şuşa azad olunan gün dedi ki,biz səni dirçəldəcəyik Onun üzərindən bir il keçməyib. Şuşada neçə-neçə yeni məkanın açılışı oldu. Məsələn, Vaqif məqbərəsinin, Üzeyir bəyin büstünün, “Qarabağ” otelinin  və sair.

Şuşada həyat qaynayır. Böyük  marketlər fəaliyyət göstərir, inzibati orqanlar çalışır. Bir ay sonra gəlsək, yenə yeniliklər görəcəyik.

Şuşa ən gözəl yaşayış məskənlərindən birinə çevriləcək. Prezident yeni yaşayış məhəlləsinin özülünü qoydu, orada binalar inşa ediləcək. İnsanlarımız o evlərdə xoşbəxt yaşayacaqlar, burada iş problemi olmayacaq.

Bəlkə də, qonşu rayonlardan bura işçi dəvət olunacaq. Ziyarət yerlərimiz çoxdur deyə hər yerə gedə bilmədik, yorulduq. Şuşa zatən hər mənada ucadadır. Biz onun daha da yüksəlişini görəcəyik”.