Yaşar Nurinin həyat yoldaşı gileyləndi:“ Əlaqə saxlayıb təbrik edə bilərdilər, amma... ” 

“Yaşasaydı” sözü ilə başlayan cümlələri sevmirəm. Hələ də söhbət vaxtsız köçən bir dahidən, sənətkardan gedirsə, bu cümlə daş olub “başıma düşür”. Ağırlığının, çəkisinin altında əzilirəm. Amma indi mən də belə yazmalıyam: “Yaşasaydı 70 yaşı tamam olacaqdı”. Hə, xalq artisti,  unudulmaz sənətkar Yaşar Nurinin doğum günüdür. Biz onu 9 il öncə, uzun sürən xəstəlikdən sonra 61 yaşında itirdik. Lakin adı kimi hələ də yaşayır, filmləri, rol aldığı saysız-hesabsız tamaşaları ilə daim xatırlanır.
Gəlin, Yaşar Nurinin ömür yoluna nəzər salaq.

Sənətkar 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. Aktyor səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.
O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (OXU: indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb. 1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanan yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd bazar günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi olub. Onun maraqlı rollarından biri  “Əzablı yollar” nağıl-filmindəki kiçik div obrazıdır.

Aktyorun yaddaqalan obrazlarından biri də “Yol əhvalatı” filmindəki Makintoş roludur. Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili xaş” və “Bəyin oğurlanması” (OXU: mərhum sənətkar Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır, bunların arasında İsrafil (“Bəyin oğurlanması”) obrazının xüsusi yeri var. Yaşar Nurinin obrazlar kolleksiyasından danışanda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl günü”ndəki Mahmud doktorunu, “Nə gözəldir bu dünya...”dakı Asim Əliyeviçi, “Hər şey yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və sonsuz zəhmətidir.
Yaşar Nuri bu gün də unudulmadı. Sənət dostları, doğmaları tərəfindən xatırlandı. Elə gecə saatlarında onunla uzun illər birgə çalışan, xalq artisti Firəngiz Mütəllimovanın paylaşımını gördüm. Aktrisa sənət dostunun fotosunu paylaşaraq əziz xatirəsini yad edib:
“Əvəzolunmaz sənətkarımızın 70 yaşı tamam olur. Kaş sağ olaydın, 60 illik yubileyindəki kimi bu gün də doğmalarınla birgə qeyd edərdik. Səni hörmət və ehtiramla yad edirəm, əziz insan. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun”.
Sənətkarın qızı Ülkər isə yazdıqları ilə hər kəsi kövrəldib:

“Həyatda sənli günlərimdən başqa heç kim və heç nə üçün darıxmadım. Sevdiyin mahnını sənin üçün ifa etdim. Atam, həyatdakı tək dayağım, dostum, sirdaşım, allah sənə rəhmət eləsin. Səni qəlbimdə, ruhumda yaşadıram.  Axıtdığın hər göz yaşım yoxluğundandı. Sənə ehtiyacım var. Mənim qoruyucu mələyimsən”.

“Sherg.az”la həmsöhbət olan mərhumun ömür-gün yoldaşı Rəhimə xanım dedi ki, yubiley tədbirinin keçirilməsi ilə bağlı bir məlumatı yoxdur:

“Mənə zəng edilməyib. Yəqin ki, bu mədəniyyətlə məşğul olan qurumların işidir. Hər halda əlaqə saxlayıb təbrik edə bilərdilər. Teatrlarla, mədəniyyətlə məşğul olan qurumlardan bəhs edirəm. Yaşarla xatirələrimizə gəlincə....Onunla o qədər xatirəmiz var ki...  Hər günü, hər dəqiqəsi bir kitabdır. Çünki çox rəngarəng insan idi. Hamımız  bilirik ki, Yaşar genişmiqyaslı aktyor olub, yaradıcılığının sərhədi yox idi. Elə adamla birgə yaşayıb,  görmək özü bir dastandır. Onun haqda çox yazıb-pozub, danışmaq olar. Yeri gəlmişkən deyim ki, bütün mətbuat  işçilərinə təşəkkür edirəm. Hər biri bu günü yad etdilər”.