Tahir Əmiraslanovun kitabı Bişkekdə türk dilində çap ediləcək

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun “Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası türk dilinə uyğunlaşdırılıb və yaxın vaxtlarda çap olunacaq.

AZƏRTAC xəbər verir ki, bu monoqrafiya daha əvvəl rus və ingilis dillərində çap edilib. Kitabı türk dilinə Azərbaycanın böyük dostu, tanınmış şair və tərcüməçi Yusif Aslan uyğunlaşdırıb.

Kitabda təkzibolunmaz faktlarla sübut edilir ki, dolma Azərbaycan xalqının yaratdığı və bişirdiyi yeməkdir. Nəşrdə erməni alim və mütəxəssislərinin dolmanın məhz Azərbaycan yeməyi olduğunu inkar etmədikləri bildirilir. Milli mətbəximizin qorunmasında və inkişafında bu kitabın xüsusi əhəmiyyəti olduğu şübhəsizdir.

Xatırladırıq ki, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov 30-dan çox kitabın müəllifidir.