Fenomen şəxsiyyət...

Azərbaycanda heç vaxt ikinci dəfə Rüstəm İbrahimbəyov yetişməyəcək


"Nizami" Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, senarist və rejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Mərasimdə tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Mərhum birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

 Görkəmli alim haqqında “Şərq”ə danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna"-"Zerkalo" qəzetlərinin yaradıcısı və baş redaktoru Elçin Şıxlı bildirib ki, Rüstəm İbrahimbəyov böyük Azərbaycan sənətkarlarından biri idi:

“O, gözəl dramaturq, kino senaristi və yazıçı idi. Rüstəm İbrahimbəyov prinsipial bir insan idi. Zənnimcə, o həm də gözəl vətəndaş idi.  Bir şeyi deyə bilərəm ki, Rüstəm İbrahimbəyov Marçello Mastroyanni kimi dünya kinematoqrafiyasının nəhənglərindən biri olan  adamla səhər yeməyi etmiş bir insan olub. Mən Azərbaycanda hələ Mastroyanni ilə yemək yeyən adam tanımıram”. 

E.Şıxlı qeyd edib ki, R.İbrahimbəyov öz vəsaiti hesabına Azərbaycan Kinematoqrafçılar İttifaqını on illərdir saxlayıb:

“O, ölkədə böyük kino festivalları keçirib. Rüstəm bəy daha böyük kino akademiyası qurmaq istəyirdi. Amma bundan öncəki Azərbaycan  hakimiyyətində olan müəyyən adamlar Rüstəm İbrahimbəyovla ali hakimiyyət nümayəndələrinin arasını vurdular. Onu az qala düşmən elan etdilər. 
Ümumiyyətlə, bütün dünya, qardaş ölkələrdən Qazaxıstan belə Rüstəm İbrahimbəyovdan istifadə etdi. Amma Azərbaycan kino sahəsində ondan istifadə etmək əvəzinə ona yalnız maneə oldu. Çox təəssüf ki, biz insanlara dünyadan köçəndən sonra qiymət veririk. R.İbrahimbəyov Azərbaycanı ən yüksək səviyyələrdə təmsil edə biləcək sənətkar idi. Təəssüf ki, o da getdi...”.

Tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli hesab edir ki, Rüstəm İbrahimbəyov  Azərbaycan üçün böyük itkidir:

“O, Azərbaycan mədəniyyətinin, kino sənətinin, teatrının, ədəbiyyatının çox parlaq və görkəmli nümayəndəsi idi. Məşğul olduğu bütün sahələrdə çox böyük uğurlara imza atıb. O, dünya səviyyəsində tanınan dramaturq, senarist və kino xadimidir. Ona görə hesab edirəm ki, Rüstəm İbrahimbəyovun itkisi Azərbaycan mədəniyyəti, ümumiyyətlə, Azərbaycan mənəviyyatı və yaradıcı mühiti üçün çox böyük itkidir. Çünki o, sözün həqiqi mənasında Azərbaycanın kulturoloji fenomeni idi”.  
Professorun fikrincə, Rüstəm İbrahimbəyova qarşı çox böyük ədalətsizliklər olub:

“Onun son illərdəki fəaliyyəti, xüsusən dünya səviyyəsində gördüyü işlər çox olub. Azərbaycanda “Şərq-Qərb” kino festivalının təşkili ilə bağlı gördüyü işlər, Azərbaycan kino sənətinə verdiyi xidmət, teatrlarda oynanılan pyesləri, Türkiyə, Rusiya, Almaniya və İtaliyada  tamaşaya qoyulan əsərləri Rüstəm İbrahimbəyovun  miqyasını göstərir. Ona görə hesab edirəm ki, təəssüf ki, son illərdə ictimai fəaliyyəti ilə bağlı ona qarşı həddindən artıq ədalətsizliklər oldu. 
Yalnız öz şəxsi mənafeyini güdən, burnundan o tərəfini görə bilməyən məmurlar  Rüstəm İbrahimbəyovun əleyhinə kampaniyalar apardılar. Təəssüf ki, bu kampaniyada onun bir çox sənət dostları, yetirdiyi insanlar da mənfi rol oynadılar. Bütün hallarda R.İbrahimbəyov varlığı və sənəti ilə sübut etedi ki, o, hansı miqyasda dayanır”.

Qulu Məhərrəmli sonda vurğulayıb ki, böyük xadimin vəfatına çox üzülür və təəssüf edir ki, Azərbaycanda heç vaxt ikinci dəfə Rüstəm İbrahimbəyov yetişməyəcək. 

Allah rəhmət etsin!