Türk dünyasından olan sənətçilər İğdırda bir araya gəliblər  


İğdırda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Novruz bayramı münasibətilə türk dünyasından gələn sənətçiləri qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil olunan bayram mərasimi Novruz ənənələrinə uyğun proqramlarla zəngin olub.

Novruz xonçaları, yaşıl səmənilər, boyanmış yumurtalar iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Bir-birindən maraqlı çıxışlarla dolu musiqili bədii proqram İğdır Kültür və Turizm Müdirliyində keçirilib.

Əvvəlcə İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Novruz bayramı barədə fikirlərini bölüşüb, türk dünyasını təmsil edən sənətçilərin, musiqi qruplarının İğdırda bir araya gəlməsini tarixi hadisə kimi dəyərləndirib.

Sonra türk dünyasını təmsil edən musiqi qruplarının rəngarəng ifaları olub.

Ağrı dağının yüksəkliyinə dırmaşan qonaqlar Şərqi Anadolunun gözəlliyini, rəngarəng təbiətini heyranlıqla qarşılayıblar.

Qonaqlara bölgənin tarixi barədə ətraflı məlumat verilib.