Unudulmaz pedaqoq


Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Oqtay Süleyman oğlu Quliyevin vəfatından bir il ötür.  

Oqtay Quliyev 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb. Onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirləri öyrədiblər. O, müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib. Burada məşhur sənət xadimlərindən xalq artisti, professor Səid Rüstəmov və xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib. Səid Rüstəmov, Əhsən Dadaşov, Adil Gəray, Baba Salahov, Bəhruz Zeynalov və bir çox təcrübəli sənətçilərlə birlikdə işləməsi onun peşəkar musiqiçi kimi püxtələşməsinə müsbət təsir göstərib. Oqtay Quliyev 1958-ci ildə Dövlət Konservatoriyasının  daxil olub və  dirijorluq sinfində Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb. O, dirijorluq sinfinin ilk yetirmələrindən idi. 

1963-cü ildə konservatoriyanı müvəffəqiyyətlə bitirən O.Quliyev ömrünü pedaqoji fəaliyyətə həsr edib. 1969-cu ildən konservatoriyada işləməyə dəvət alıb.

Oqtay Quliyev Azərbaycan xalq çalğı alətləri orkestri tarixinin ilk tədqiqatçısıdır. O «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə edib və sənətşünaslıq namizədi alimlik dərəcəsini alıb. Sonra isə onun bu mövzuda Bakıda, "İşıq" nəşriyyatında monoqrafiyası çap olunub. 
Oqtay Quliyevin tar tədrisi üzrə yazdığı metodik tövsiyələr, proqramlar, tərtib etdiyi not məcmuələrindən qiymətli vəsait kimi istifadə olunur. O, Azərbaycan, rus və Avropa musiqi ədəbiyyatlarından çoxlu sayda nümunələri tar ilə fortepiano üçün işləyib, tədris üçün pyeslər məcmuələri nəşr etdirib. S. Rüstəmovun tar və kamança üçün "Melodik etüdlər"inin, bəstəkarlarımızın tar üçün konsert və pyeslərinin, müəllimlərin metodik vəsaitlərinin nəşrində ixtisas redaktoru kimi yaxından iştirak edib. Xüsusilə, S. Hacıyevlə birlikdə yazdığı "Tar üçün pyeslər məcmuəsi"  öz aktuallığını bu gün də saxlayır. 1970-ci illərdə Moskvada "Melodiya" səsyazma şirkəti tərəfindən "Muğam məktəbi" seriyasından iki val buraxılmışdı. Vallara Əhməd Bakıxanovla yanaşı, onun istedadlı tələbəsi Oqtay Quliyevin ifasında "Şur", "Segah", "Çahargah", "Şahnaz", "Bayatı-kürd", "Heyratı" muğamları yazılıb. Bu ifalardan uşaq, orta ixtisas musiqi məktəblərində muğamların əvəzsiz tədris vəsaiti kimi, öyrədici nümunələr kimi uzun illərdir istifadə olunur. 

Respublikada peşəkar tar ifaçıları və müəllimlərindən ilk dissertasiya müdafiə edən məhz O.Quliyev olub. O, yaxşı mütəxəssis kimi Türkiyəyə dəvət olunub, 1994-2003-cü illərdə Trabzonun məşhur Qara Dəniz Texniki Universitetinin professoru olub. Burada musiqi fakültəsində ilk dəfə tar sinfi açıb, peşəkar tar ifaçıları yetişdirib, Azərbaycan tarının bu ölkədə geniş tədrisinə nail olub.

O.Quliyev SSRİ və Ümumdünya miqyaslı musiqi festivallarında iştirak edən və yüksək qələbə qazanaraq, qızıl medala, beynəlxalq festival laureatı adına layiq görülən ilk tar ifaçısıdır. O. Quliyev rus və Avropa klassik musiqisini milli alətdə məharətlə ifa edən, tarın geniş texniki və bədii ifa imkanlarını aşkar edən, solo tar ifaçılığını müasir səviyyəyə qaldıran ilk peşəkar tarzən idi.

Yaradıcı-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən tarzənə ölkə başçısının 2 oktyabr 2007-ci il tarixli sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi onun haqqında belə yazır: 
“Oqtay Quliyev həyatını olduqca nəcib, humanist və xalqımız üçün çox gərəkli bir işə həsr etmişdir: musiqi ifaçılığı, müəllimlik, təhsil, elm... Qırx ildən artıq dövrü əhatə edən bu geniş və çoxşaxəli fəaliyyəti ilə professor O. Quliyev istər Azərbaycan ifaçılıq sənətinin, istər tar tədrisinin və ümumilikdə musiqi təhsilinin inkişafına, istərsə də ifaçılıq tarixinin elmi tədqiqinə layiqli töhfələr vermişdir”.
Oqtay Quliyevin uğurlarına ən çox Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazırdı: 

“Gənc tarzən Oqtay Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bir daha sübut etdi. O, münsiflər heyəti qarşısında “Orta Mahur”, H.Xanməmmədovun “Konsert”ini, Ü.Hacıbəyovun “Koroğlu” operasından rəqsi çaldıqdan sonra Qlinkanın “İvan Susanin” operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi”.

Tanınmış moskvalı yazıçı-publisist V. Ardamatski festivalın qaliblərinə həsr etdiyi “Beş ləçək” kitabında Azərbaycandan olan gənc tar ifaçısının istedadını xüsusi qiymətləndirir:

“O. Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri bu gəncin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar. Oqtay “Orta Mahur”, "Çahargah" muğamları ilə yanaşı, M. Qlinkanın “İvan Susanin” operasından ayrı-ayrı parçaları tarda məharətlə dilləndirəndə dinləyicilərin, eləcə də tələbkar münsiflərin heyrəti bir az da artdı. Tarzən bunu duyurmuş kimi daha da coşur, bəlkə də indiyədək professionalların imkansız musiqi aləti hesab etdiyi tarda istənilən mürəkkəb əsəri bütün incəliklərinə qədər çalmağın mümkün olduğunu əyani şəkildə sübuta yetirirdi”.

Oqtay  Quliyev 2021-ci il aprelin 6-da, 83 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!

Afət İsmayılqızı