Vyanada azərbaycanlı gənc istedadların konserti keçirilib


Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı gənc istedadların konserti keçirilib.

Sherg.az  xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəz tərəfindən gənc istedadların dəstəkləndiyini və onların xaricdə mədəniyyətimizi təmsil etmələrinə şərait yaradıldığını bildirib. Qeyd edib ki, Bakı şəhər Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri avstriyalı musiqisevərlər üçün maraqlı proqram hazırlayıblar.

Diqqətə çatdırılıb ki, bu günlərdə Azərbaycanda bir neçə bayram günü qürurla qeyd edilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğulları qəhrəmanlıq dastanı yazdılar və bu münasibətlə artıq ikinci ildir ki, ölkəmizdə Zəfər Günü qeyd edilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən Azərbaycanda Dövlət Bayrağı Günü və Konstitusiya Günü də bu bayramlar sırasında yer tutur.

Tədbirin bədii hissəsində Hüseynqulu Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Camal Əliyev, Fərəh Əliyeva, Cəmilə Rəhimova və Nuray Quliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Proqramda bəstəkarlar Qara Qarayevin, Vaqif Mustafazadənin və Polad Bülbüloğlunun əsərləri yer alıb. Əsas diqqət isə bu il yubileyləri qeyd edilən Fikrət Əmirov, Tofiq Quliyev və Emin Sabitoğlunun əsərlərinə ayrılıb. Azərbaycan bəstəkarları ilə yanaşı, avstriyalı bəstəkar Yohann Ştraussun bəstələri də tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.