Postpandemiya dövründə istedadlı uşaqların özünüinkişafı, sənət sirrlərini erkən
yaşlarından öyrənməsi, bacarıqlarının üzə çıxarılması məqsədi ilə fəaliyyətə başlayan
«Teatral studiya» qısa müddətdə xeyli uğurlara imza atıb.

"Sherg.az" xəbər verir ki, müxtəlif yaş
kateqoriyalarından olan balacalarla birgə layihələr, tamaşa və stand-ap şoular, video və
onlayn maarifləndirici çarxlarla tamaşaçı rəğbəti qazanan studiyanın bu günlərdə
Ramana qəsəbəsində növbəti filialının açılışı baş tutub. Məqsəd təkcə mərkəzdə yox,
həm də Abşeronun qəsəbələrində, gələcəkdə isə ölkənin əyalətlərində istedadlı
balacaların üzə çıxarmaq, uşaqların vaxtlarını səmərəli təşkil etməkdir.

Həm də elə açılış mərasimində sakinlər üçün çıxışlar, milli maskotların əyləncəli oyunları, sehrli şou
və.s təşkil etməkdə niyyət qəsəbələrdə təbliğat işini doğru-düzgün qurmaq və teatral
uşaqların sayını artırmaqdır.

Studiyanın bədii rəhbəri Səbinə Məmmədzadənin verdiyi açıqlamaya görə,
akademiyada rəqs, gimnastika, aktyor sənəti və səhnə danışığı dərsləri tədris olunacaq:
"Şəhid və qazi ailələrinin övladları, uşaq evlərinin körpələri üçün təhsil təmənnasızdır.
Sakinlər qəsəbədə belə bir məkanın açılışını müsbət qarşıladılar. Ailəmizə yeni uşaqlar
daxil oldu. Layihənin məqsədi Bakı kəndlərində uşaqlar üçün belə şərait yaradıb, onların
sağlam inkişafına xidmət etməkdir. Çətin karantin dövründən bu niyyətlə yola çıxanda
bizə inanan, övladını etibar edənlər çox ya az olacaq deyə düşünürdük.

Amma bu gün
şükürlər olsun ki, növbəti filialımız fəaliyyətə başlayır və «Teatral studiya» Uşaq
Aktyorluq Akademiyasının öz auditoriyası var. İnanırıq ki, bu uşaqların arasından
gələcəyin parlaq sənətkarları da yetişəcək və bu da sənətin inkişafına faydalı olacaq
şübhəsiz. Artıq Ramana qəsəbəsində "Teatral studiya"nın təşkil etdiyi silsilə tədbirlər
həyata keçirilir və müsbət reaksiyalardan xeyli ruhlanırıq».

Studiyanın təşkil etdiyi dərslərə və master-klasslara qoşulan balacalar təkcə
sənətin sirrlərini, aktyorluq texnikasını mənimsəmir, həmçinin onlarda vətənpərvərlik
duyğularının aşılanması, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı mühüm hadisələrin
öyrənilməsi üçün proqramlar həyata keçirilir. Bu mənada 8 Noyabr Qələbə gününə həsr
olunmuş, Studiya şagirdlərinin ifasında «Salam Əsgər» filminin nümayişi də xüsusi qeyd
edilməlidir. Filmin ssenari müəllifi yazıçı-dramaturq Pərvin, rejissoru Vüqar Nəsirov,
prodüseri Nailə Namazova, quruluşçu operatoru Elçin Qarayev, rəssamı Səriyyə
Zeynallıdır. Filmdə balacaların yurdu düşməndən xilas etmiş əsgərlə xəyali söhbəti
vasitəsiylə onların böyüklərə inamı, azad torpaqlara görə minnətdarlığı, sevinci ifadə
olunur.

Qeyd edək ki, son bir ildə Studiyanın imza atdığı bu kimi mühüm, uğurlu işlər
böyük marağa səbəb olub. «Teatral» Caspian Avards mükafatları seriyasından İlin
trendi nominasıyasında ödülə layiq görülüb.
Nəzrin