Səhnədə bir Qızılgül var!



  "Xoşbəxtlik odur ki, səni xatırlayırlar. Tamaşaçıların gözlərində yaş parıldayanda və onlar "Bravo" qışqıranda, sən bilirsən ki, teatr nədir və sən niyə ömrünü teatra bağlamısan..."
( Yevgeni Leonov-SSRİ xalq artisti)

  Budəfəki yazımın qəhrəmanı Lənkəran Dövlət Dram Teatrının aktrisası Qızılgül Quliyevadır, qısaca, Lənkəran Teatrının Qızılgülü..

  O Qızılgül Quliyeva ki, öz yüksək insani keyfiyyətləri ilə həmkarlarının, onu şəxsən tanıyanların hörmət və sevgisini qazanan, sənəti ilə tamaşaçının sevimlisinə çevrilən, səmimi və təvazökar Qızılgül Quliyeva. Aktrisa düz 40 ildən çoxdu Lənkəran Teatrının səhnəsində biri-birindən maraqlı obrazları ilə tamaşaçıların sevgisini qazanır. O, usanmadan teatra, sənətə xidmət edir. Azərbaycan teatrının inkişafı üçün addımlar atır.
  Qızılgül Quliyeva 20 iyun 1960-cı ildə Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda  dağ ətəyli Separadi kəndində anadan olub. Orta məktəbə gedəndə də hazırlanan tədbirlərin fəal iştirakçısı olub. Məktəbdən başlayan incəsənət sevgisi 1981-ci ildə Lənkəran Dövlət Dram Teatrının truppasına gətirib çıxarıb. Lənkəran kimi dini və bir o qədər də sərt fikirli, yəni “Qadın nədir, səhnə nə?” fikirli bir yerdə kənd qızının səhnəyə çıxmağı böyük hünər tələb edirdi. Qızılgül xanım isə bir çoxları kimi hünərli çıxdı. O isə Bakıya, böyük səhnələrə can atmadı. Bütün taleyini Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağladı. Peşman oldumu? Yox, özü hər zaman bu keçən illəri “Belə olmalı idi, belə də oldu” deyib fəxrlə xatırlayır.
Uzun illərdir istedadlı aktrisa müxtəlif səpkili obrazlar yaradıb. Onun sənət dünyası həddən artıq səmimiliyi, improvizələri, yaradıcılıq tapıntıları ilə zəngindir. O, səhnəyə gəldiyi ilk gündən hamının diqqətini cəlb edib. Buna səbəb isə Qızılgül xanımın zahiri görkəmi ilə məlahətli səsi, fikirləri özünəməxsus tərzdə ifa etmək bacarığı, hər şeydən öncə isə istedadı ilə bağlı olub. Milli klassikada çıxış etdiyi Tükəz və Təyyibə xanım, Ziba xanım (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Şərəf və İzzət, Mərsiyəxanım (“Danabaş kəndinin əhvalatları” və “Danabaş kəndinin məktəbi”, Cəlil Məmmədquluzadə), Kamilə (“Toy”, Sabit Rəhman), Çimnaz və Səriyyə, Sevil (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş” və “Sevil” - siyahını uzatmaq olar.

  Aktrisanın bütün obrazları uğurlu alınıbmı? Çox uğurlu alınıb. Çünki paytaxtdan kim o teatra gedirsə, Qızılgül xanımı səhnədə görürsə, onun səhnə mədəniyyətinə, aktrisalıq qabiliyyətinə, oyun tərzinə aşiq olur. Tam rahatlıqla Qızılgül xanıma teatrımızın sevilən və seçilən aktrisası demək olar. Çünki bu cümlənin haqqını verir.



 
  Yuxarıda sadaladığım ifaları ilə aktrisa özünü həm də Lənkəran xalqına sevdirib. Məhz bu sevgi filologiya elmlər namizədi Mirhaşım Talışlının dili ilə desək, aktrisa Lənkəran Teatrının “Qızılgülü”dür.

  Qızılgül Quliyevanın ən böyük xüsusiyyəti odur ki, aktrisa kimi onun üçün rolun fərqi yoxdur. İstər epizodik, istərsə də əsas rollar ifa edən Qızılgül xanım bir-birindən öz təbiiliyi, səmimiliyi, emosionallığı ilə fərqlənən obrazlar yaradıb. Onun üçün rolun böyüklüyü-kiçikliyi yoxdu, əsas onun səhnədə var olmasıdır. Qızılgül Quliyeva aktrisa kimi bir-birindən maraqlı rejissorlarla işləyib. Baba Rzayev, Bəhram Osmanov, Firudin Qurbanov, Gümrah Ömər, Tural Mustafayev, eyni zamanda, İran, Ukrayna, Bolqarıstan, gürcüstanlı teatr rejissorları ilə də çalışıb.

  Yaradıcılığının və aktrisa üçün gənc çağlarını yaşayan Qızlgül Quliyeva bu gün də fəal yaradıcılıq axtarışındadır. Ümumiyyətlə, Qızılgül xanım obrazlarına çox ciddi, məsuliyyətlə yanaşan bir aktrisadır.  Bu da ondan irəli gəlir ki, o, səhnə sənətini sevir, aktrisa kimi missiyasını düzgün anlayır. O həm də hər zaman teatra gələn gənclərə dəstəyi ilə də seçilib. Bu xüsusiyyət isə hər xanım sənətçiyə xas deyil. 

Amma və lakin istedadlı aktrisanın heç bir fəxri adı yoxdur. Yalnız səhnə fəaliyyətinin 40-cı ilində Prezident mükafatına layiq görülüb. 2023-cü ildə Milli teatrımızın 150 illik yubileyi qeyd olunmalıdır. Və arzu edirəm ki, aidiyyəti qurumlar Qızılgül xanıma gecikdiyi və çoxdan haqq etdiyi fəxri adı verəcək. O fəxri ad Qızılgül Quliyevaya ana südü kimi halaldır.... 

Turan Etibaroğlu