Dahi bəstəkarın 100 illiyinə yeni töhfə

Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, dahi musiqiçi Fikrət Əmirovun keçən il 100 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Bu əlamətdar hadisə münasibətilə F.M. Axundov adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Fikrət Əmirov” adlı fundamental  biblioqrafiya tərtib edib. Keçən ilin dekabr ayının 23-də Milli Kitabxanada bəstəkarın yubileyinə həsr olunmuş tədbirdə “Fikrət Əmirov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi.

İctimaiyyətə təqdim edilən bu biblioqrafiya Milli Kitabxananın Fikrət Əmirov yaradıcılığına həsr etdiyi biblioqrafiyalardan sayca üçüncüsüdür. İlk biblioqrafiya 2009-cu ildə, ikincisi isə 2012-ci ildə bəstəkarın 90 illik yubileyi münasibətilə nəşr edilmişdir. Haqqında bəhs edilən yeni biblioqrafiya daha da təkmilləşdirilib, ədəbiyyatın qruplaşdırılmasına yeni bölmələr əlavə olunub, son on ilin materialları daxil edilmişdir. Göstəricidə materiallar bəstəkarın müxtəlif dövrlərdə bəstələdiyi əsərlərin not nəşrləri, not əlyazmaları, kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilən məqalələri, eləcə də bəstəkarın həyat və yaradıcılığı haqqında olan mənbələr əks olunmuşdur.

Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun elmi redaktorluğu və rəhbərliyi ilə tərtib olunmuş bu fundamental biblioqrafiya bir çox biblioqrafik vəsaitlərin müəllifi və redaktoru olmuş, M.F. Axundov adına Milli Kitabxananın Diyarşünaslıq biblioqrafik resurslarının yaradılması şöbəsinin müdiri Mədinə xanım Vəliyevanın müəllifliyi və kitabxananın baş biblioqrafı Mehriban Cəfərovanın redaktorluğu ilə ərsəyə gəlmişdir. Kitaba Fikrət Əmirovun Azərbaycan klassik musiqisinə verdiyi töhfələrdən geniş bəhs edən ön sözü Xalq artisti, professor Siyavuş Kərimi yazıb.

Vəsaiti Fikrət Əmirov haqqında tərtib edilən fundamental biblioqrafiya hesab etmək olar. İlk onu qeyd edək ki, biblioqrafiya nəfis tərtibatı və səhifə sayına görə (492 səhifə ) əvvəlki iki vəsaitdən fərqlənir.

Göstərici ilə tanışlıq “Göstərici haqqında” adlı bölmə ilə başlayır. Vəsaitin quruluşu, tərkibi, istifadə qaydaları ilə oxucuları məlumatlandıran bu bölmənin üç dildə – Azərbaycan, ingilis və rus dillərində verilməsi onu daha da geniş oxucu kütləsinə çatdırılmasına kömək edir. Daha sonra dahi bəstəkarın həyat və yaradıcılığının əsas tarixləri, sənətkarın müdrik deyimləri, görkəmli şəxsiyyətlər haqqında fikirləri, eləcə də görkəmli elm və mədəniyyət xadimlərinin Fikrət Əmirov haqqında fikirləri əks olunmuşdur.

Biblioqrafik vəsaitə nəzər saldıqda məlum olur ki, kitabxananın əməkdaşları onun tərtibi zamanı gərgin əmək və zəhmət tələb edən axtarışlar aparıblar. Axtarış zamanı Milli Kitabxananın fondu ilə yanaşı respublikanın və bir sıra xarici ölkələrin kitabxana və muzeylərinə müraciət ediblər. Bunlardan Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyi və  Bülbülün ev muzeyinin fondlarında, Rusiya, Belarusiya, Latviya, Litva, Estoniya, Gürcüstan, ABŞ, Almaniya, Fransa, Türkiyə, Çin, Danimarka kimi öllkələrin müxtəlif kitabxanalarında , eləcə də Harvard Universitetinin kitabxanası, Oksford Universitetinin Bodlian kitabxanası, Kembric Universitetinin kitabxanası, Penselvaniya Universitetinin Fişer adına İncəsənət kitabxanası və Sorbonna Universitet kitabxanasının fondlarında mühafizə edilən Fikrət Əmirov irsinin mənbələri üzə çıxarılmışdır.

Biblioqrafiyada 1941-2022-ci illəri əhatə edən Azərbaycan, rus və digər xarici dillərdə olan  materialların təsviri verilmişdir. Göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə əlifba sırası gözlənilmişdir.

Ümumilikdə, nəşrdə  2311 mənbə haqqında biblioqrfik məlumat altı hissədə verilmişdir. Fikrət Əmirovun özunun əsərləri: kitablarda, məcmuələrdə və dövri mətbuatda çap olunmuş əsərlərinin notları, bəstəkarın nota saldığı əsərlər, səsyazmalar, kitabları, redaktoru olduğu, rəy verdiyi və transkripsiya etdiyi əsərləri və eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan əlyazma notları I hissədə təqdim edilmişdir. Verilən kitabların oxuculara hərtərəfli şəkildə çatdırılılması baxımından diqqəti cəlb edən məqamlardan biri də odur ki, bu hissədə kitabların biblioqrafik təsviri kitabın içində toplanan əsərlərin adları ilə birgə təqdim edilib.

Dünyaca məşhur olan sənətkarın irsi hər zaman diqqət mərkəzində olub və bu gün də tədqiq olunur.  Bəstəkarın böyük və rəngarəng irsi çoxlu sayda tədqiqatçını cəlb etmiş, yaradıcılığı dərin araşdırmalara cəlb olunmuş, eləcə də bəstəkarın həyatı və fəaliyyəti daim mətbuat tərəfindən işıqlandırılmışdır. Vəsaitin “Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında” adlı  II bölməsinə nəzər saldıqda müəllifin bu istiqamət üzrə formalaşmış sənəd kütləsini ətraflı şəkildə araşdırdığı nəzərdən qaçmır. Belə ki, bəstəkar haqqında materialların biblioqrafik informasiyası “Kitablar”, “Dissertasiya və avtoreferatlar”, “Kitablarda, məcmuələrdə və dövri mətbuatda dərc edilmiş məqalələr”, “Min bir gecə” baleti mətbuat səhifələrində”, “Fikrət Əmirovun bəstələdiyi mahnıların mətnləri”, “Filmoqrafiya” adlı yarımbölmələrdə qruplaşdırılmışdır. Biblioqrafiyanın III və IV-cü hissələri bəstəkarın rus dilində əsərləri və yaradıcılığı haqqında mənbələrin biblioqrafik təsviri eyniadlı yarımbölmələrlə öz əksini tapmışdır. Respublikanın və digər xarici ölkələrin milli, dövlət və universitet kitabxanalarının fondlarında Fikrət Əmirov irsinə dair müxtəlif materialların təsviri isə V bölmədə verilmişdir.

Biblioqrafiyanın istifadəçilər üçün əhəmiyyətini artıran tərəflərindən biri də verilən “Əlavələr”dir. Birinci “Əlavədə” görkəmli xanəndə Bülbülün ev muzeyində bəstəkarın mühafizə olunana qiymətli əlyazmaları, mahnı və romanslarının notları, Fikrət Əmirovun Bülbülə ünvanladığı məktub və teleqramları, səsyazmalar və maqnitofon lentləri müvafiq qaydada təsvir edilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində bəstəkarın qorunan müxtəlif əlyazmaları ikinci “Əlavədə” verilmişdir.

Biblioqrafiyanın hazırlayarkən mənbələrdən istifadəni asanlaşdırmaq məqsədilə köməkçi aparat tərtib edilir. Ənənəvi olaraq bu göstəriciyə də zəngin  köməkçi aparat tərtib edilmişdir. Müxtəlif axtarış əlamətləri üzrə oxuculara kömək göstərmək və soruşulan mənbəni operativ və asan tapmaq məqsədilə 15 adda köməkçi göstərici biblioqrafiyanın VI hissəsində verilmişdir.

Azərbaycan musiqisinin inkişafında öz yaradıcılığı ilə yeni mərhələ açan, əsərlərilə musiqimizi dünya miqyasında tanıdan, Azərbaycan professional bəstəkarlıq məktəbinin korifeyi Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən belə bir sanballı biblioqrafiyanın təqdim edilməsi, Azərbaycan  musiqi ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyan tədbirlərdən biridir. Belə bir biblioqrafiya abidəsi həm Azərbaycan biblioqrafik ehtiyatı, həm də Azərbaycan musiqisi üçün böyük bir töhfə kimi qiymətləndirilməlidir.

 
Yasəmən SADIQOVA

Azərbaycan Milli Kitabxanasının baş kitabxanaçısı, AMEA-nın doktorantı.