Ədəbiyyatımızın Anar dövrü...


Qocaman yazıçının 85 illik yubiley gündəliyində tərif də, tənqid də var

  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin 85 yaşı tamam olub. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Elə yazıçının adı da ona doğma olan iki insandan bir xatirədir. 
  Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir.
Onun müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

  "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Dədə Qorqud" əsərləri müxtəlif dillərdə çap olunub.

  Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.
  Anar 11 bədii filmin ssenari müəllifidir. "Dantenin yubileyi" filminin habelə iki hissəli "Üzeyir ömrü", və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.

  85 yaşlı yazıçı ad günü ilə bağlı "Modern.az"a açıqlamasında  deyib ki, ad günü ilə bağlı   səhər saatlarından təbriklər gəlib, həm sənət dostları, həm oxucular təbrik ediblər:

 “Məni xeyli adam təbrik edib. Sizə də təbrikiniz  və diqqətiniz üçün təşəkkür edirəm”. 

  Yazıçı Anar doğum günündə işdə olacağını, daha sonra ailəsinin əhatəsində 85 yaşını qeyd edəcəyini söyləyib: “Bu gün işdə olacağam, yeni yaşımda Azərbaycan Yazıçılar Birliyinin sədri kimi iş başındayam, fəaliyyətimi birliyin yaxşılaşdırılması üçün davam etdirirəm. Yeni yaş yeni planlar deməkdir. Bizim də gələcəklə bağlı planlarımız var. Yaradıcılıqla məşğulam, bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Doğum günümü isə yalnız ailəmlə birlikdə, onların yanında qeyd edəcəyəm".

  AYB sədrindən həmkarı Əkrəm Əylislidən ad günü təbriki alıb-almadığını da soruşduq: "Hələ Əkrəm Əylislidən təbrik mesajı almamışam. Kim təbrik edirsə, ona minnətdarlığımı bildirirəm".
O, 85 yaşının olmasına baxmayaraq, sağlıq durumunun qaydasında olduğunu söyləyib.
  Qeyd edək ki, Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.

  Anar Rzayevin ad günü ilə bağlı ürək sözlərini “Şərq”lə bölüşən Şair Qulu Ağsəs “Ulduz” jurnalının kollektivi ilə birlikdə  Anar müəllimlə görüşüb onu təbrik etdiklərini deyib:

“Elə bu dəqiqə otağından çıxdıq.  “Ulduz”un adından onu təbrik edib uzun ömür, can sağlığı arzulayırıq. Ad günü hədiyyəmiz də bir az kreativ idi. Tortun üzərinə Anarın “Ulduz”dakı şəklinin yanında  “Əgər adamlar bilsəydi ki, beşmərtəbəli evin altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki ” ifadəsini də yazdırmışıq. Amma bunu bilmək üçün  də Anar olmaq, onun kimi düşünmək lazımdır.  Anarın nəsrini poeziyaya çevirsək, bu sözlər onun şah misrasıdır. 

  Azərbaycan  mədəniyyətinin, incəsənətinin hər yerində Anarın yaradıcılığından bir parça var. Televizoru açırsan Anarın ssenari müəllifi olduğu filmlər, kitabları açırsan onun publisistikası, estetikası, pyesləri, şeirlərinə rast gəlirik. Hətta deyərdim ki, Anar  bütün həyatımızın bir parçasına çevrilib.  Arzu edirəm ki, Anar müəllim hələ bundan sonra da uzun illər yaşayıb, yaratsın. Anar ədəbiyyat, mədəniyyət naminə kifayət qədər məsuliyyətli işləri öz üzərinə götürmüş adamdır. Onun hələ yarımçıq qalan çox layihələri var. Onları başa çatdırana qədər yaşamalıdır. Anar kimi adamların missiyası bitmir. O, hazırda yazıçılar üçün nəzərdə tutulan ancaq müəyyən səbəblərdən yarımçıq qalan binanın tikintisinin yenidən davam etdirilməsi üçün çalışır. Anar müəllimin xahişi ilə Şabranda Yazıçıların Yaradıcılıq Mərkəzinin tikintisi də başlayıb. Allah ömür versin, bu layihələrin hər biri başa çatsın və Anar müəllim yazıçılar binasında qonaq olsun. Hamı 100 il ömür arzulayır. Mənsə, 101 il ömür arzulayıram. Bir ilin özü də qənimətdi. Onsuz da Anarın əsərləri ölümsüzdü, hər zaman yaşayacaq. Qoy, özü də əsərləri qədər yaşasın da, nə olar?!”. 

  Akademik, millət vəkili  Rafael  Hüseynov isə hesab edir ki, Anar məktəbdir və bu mərtəbəyə də ixtiyarlaşanda, uzun yol keçəndən sonra çatmayıb: “Peşəkar yaradıcılığa özündən əvvəlki dahilərin yerinə yetirdiyi böyük işləri büsbütün yeni biçimdə davam etdirərək başladığı çağlardan məktəbədönməklik ona xas idi. Çünki ruh o köhnə böyük kişilərinki idi, amma çağdaş, cavan səs və yazı, ifadə tərzi Anarınkı idi. Həm də hər təzə əsəri içərisindən əlavə çölü ilə də, şəkli ilə də bir ülgü idi və qocaman bir tut ağacı hər dəfə yaz yenidən gəlirkən təzədən tumurcuqlayan, yarpaqlar açan, hər növbəti yayda yenə lap köhnə illərdəki şirinlikli bəhrə verən təki, Anar səksənini arxada qoyub doxsanına yaxınlaşdığı bu illərdə yenə həminki cavan Anar kimidir. Düşüncəsi, sözü, qələmi həmin sanbalında, həmin təravətində, həmin siqlətində və onun tükənməz yenilikçiliyi, heyrətli ülgüləryaratma məziyyəti də bütün yolu boyu ona xas olmuş əvvəlki gücündə! Bugünün Anarı da elə cavan Anar qədər hər yazısı ilə, hər çıxışı ilə, hər addımı ilə canayatandır, ürəklərdən xəbər verəndir, yolaçandır, baxaraq, öyrənərək daha neçə-neçə bu cür yenilərini doğurmaqçün qəlibdir. Anar  Azərbaycan yaradıcı dühasının bir millətinki və tək yurdunku olmaq çərçivəsindən çıxaraq daha geniş fəzalara qanadlanmaq, bənzənən olmaq, ülgülər vermək kimi müstəsna keyfiyyətinin XX-XXI əsrlərdəki hələ ki son təzahürüdür. Odur ki, "Anar kimdir" sualına cavab axtaranlar, Anarın böyüklük həddi barədə düşünmək istəyənlər və o cümlədən, istəməyənlər söhbətin hansı səviyyədən getdiyini heç vaxt yaddan çıxarmamalıdırlar!  Bu, zəka və qələm uçuşlarının elə qatıdır ki, o hündürlüyə təyyarələr qalxa bilmir, yaradıcı fəzanın o layında kosmik raketlər süzür.    
  Damarlarında bu millətin xalis qanı axan hər kəsin belə mərd, ötkəm, vəfalı, vergili övladla qürur duymaq haqqı, həm də onu daim əziz tutmaq borcu var!
  Vətən və milləti Anar kimi övladlar böyük edir və bu gün yalnız Azərbaycanın da deyil, bütün türk dünyasının böyüklük ölçülərindən, barmaqla sayılacaq qədər az meyar şəxsiyyətlərindən olan Anar sağkən abidələşmiş nadirlər zümrəsindəndir”.

  Gənc şair Turan Uğur isə sosial media hesabında bəzi qaragüruhçu gənc yazarlardan fərqli olaraq Anarın müəzzəm bir yazıçı olduğunun fərqində olduğunu yazıb. Onun sözlərinə görə, Anar onları bəyənməyənlərə, məmur tənələrinə görə çıxardıqları ölüm hökmünə də bəraət verən yazıçıdır: “70-ci illərdə yazdığı "Səhra yuxularında", hələ biz doğulmamış bizə və özünə bəraət qazandıra bilib. Anar həm də cəmiyyətdəki naqisliklərə qüvvətli immuniteti ilə seçilən yazıçı kimi də nadidədir. Cəmiyyət naqisliyində, çirkabında əriməmək üçün həm adi suyu, həm yağış suyu olan yazıçıdır Anar. Ustadın doğum günüdür, onu təbrik edir və 
deyirəm ki: 

Yazdığı hər bir əsər.
Aləmə şörət, şanmı?!
Turan Uğur, söylə ki, 
Bəybura, Bəybecanmı
Anar Azərbaycanmı?!

 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu da “Şərq” vasitəsilə 85 yaşlı Xalq yazıçısını yubiley münasibətilə təbrik edib: “Ancaq məsələ kəmiyyət olaraq nə qədər yaşamaq deyil, necə yaşamaqdır, hansı təsvirdə yadda qalmaqdır.  Anar 85 illik ömrün əksər hissəsini ədəbiyyatdan, sənətdən çox öz "maraqları" naminə intriqalara, mübarizələrə, özünü ilahiləşdirməyə həsr edib. İçindəki istedaddan çox bu "ideya"ya sadiq olub. O sadiqlik ki, Anardan diktator yaradıb.
  Bu illər ərzində neçə-neçə gənc nəsillə necə deyərlər, üz-üzə, sinə-sinəyə gəldi. Bir addım belə yol vermədi. Gözləri önündə kimlər qürubuna çatmadı ki...

  Mən bu yubiley günü yalnız Anara bundan sonrakı ömründə etiraf etmək cəsarəti arzulayıram!.. Zaman, tarix və təbiət qarşısında nələri etiraf etmək lazımdı, onu da Anar gözəl bilir”.
  
  Yazar Kəramət Böyükçöl isə öz fikirlərini bu cür ifadə edib: 

“AYB sədri Anar Rzayevin 85 yaşı olur. Bir dəfə Anar müəllimlə qarşılaşdıq. Üzümə bir xeyli diqqətlə baxdı. Sona dərindən köks ötürüb soruşdu ki, bala, sənin neçə yaşın var? Dedim, 30 olacaq. Yenə dərindən nəfəs aldı, ah çəkib qayıtdı ki, kaş sənin yaşında olaydım. Hiss elədim ki, ömrümə də göz dikib. Onu da əlimdən alıb özü yaşamaq istəyir. Neyləsin, görür yaşaya bilmirəm, ömrü ortalıqda əsir-yesir eləmişəm, deyir, ver mən yaşayım da!”. 
  Millət vəkili Fazil Mustafa isə hesab edir ki, yazıçı Anar bütün hallarda Azərbaycan ədəbiyyatının məhək daşlarından biridir. Azərbaycan mədəniyyətinin zənginləşməsi istiqamətində onun gördüyü işlər əvəzsizdir: “85 yaşı tamam olur, təbrik edir, can sağlığı diləyirəm”. 

Gənc şair Elmir Həsən:

- Xalq yazıçısı Anar ədəbiyyat aləmində öz yaratdıqları ilə günümüzdə vaxtından əvvəl yaşayan əfsanəyə çevrilib. Nə gözəl ki, müdafiə edəcəyim dissertasiya mövzusu da Anar müəllimin yaradıcılığını tədqiq edib, daha da öyrənməyə kömək edəcək. Anar müəllimin dəyərini daim qoruyub saxlamaq gərəkdir, çünki o, böyük ədəbi şəxsiyyətdir.

Şair Əfşan Yusifqızı:

  Bu gün Dədə Qorqud ömürlü, Xalq yazıçısı Anar müəllimin 85 yaşı olur. Bu qocaman  çinarın kökü Göyçayda, özü  Bakıda  şaxələnib, nəhəngləşib. Can sağlığı və 100 il ömür arzulayıram fenomen yazıçımıza.  Bəlkə 15 il ərzində Anar müəllimlə yaxından tanışlıq fürsətim oldu. Anar Azərbaycandır!

  Xalq şairi Sabir Rüstəmxanlı isə deyib ki, Anar uzun və məhsuldar ömür yaşayır. Maşallah, sağlamlığı yerindədir. AYB kimi mürəkkəb bir yerə başçılıq edir: “Yazıb-yaradır, hər il yeni kitabları çap olunur. Həm də bu kitablar məzmununa görə bizim təkcə ədəbi həyatımıza yox, eyni zamanda ölkənin həyatına işıq salan kitablardır. Yaxın və uzaq tariximizi araşdıran, bir çox insanların taleyinə işiq salan, onları xalqa tanıdan, xatirələrlə sənədlərin birgəliyindən yaranan əsərlərdir. Azərbaycanın ədəbiyyatının üzdə olan simaları ilə bağlı çap etdirdiyi kitab var ki, burada tanıdığımız yazıçılara bağlı portretlər, oçerklər var. Bir sözlə, qələmi də, ürəyi də yorulmayıb. İşləyir, çalışır. Allah can sağlığı versin. Mən Anar haqqında bir neçə məqalə yazmışam. Hər halda, Anar ədəbiyyatımızda bir dövrdür, epoxadır. Can sağlığı arzu edirəm, ürəyində yaradıcılığı və millətimizlə bağlı nə arzusu varsa, həyata keçsin”.

  P.S. Şərq” qəzeti kollektivi olaraq Xalq yazıçısını  ad günü münasibətilə təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Anar özünün böyük potensialından Tanrının verdiyi ömrü ədəbiyyatımız və dövlətimiz naminə səmərəli şəkildə istifadə edəcək.