Hər dua bir ağızdı: Əkbər Qoşalının 50 yaşı tamam oldu 


Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol...

  Gözləri də, sözləri də yol çəkən şair, nasir, publisist, Dünya Gəncləri Türk Yazıçılar Birliyinin fəxri başqanı Əkbər Qoşalıdır. Nəzərə alsaq ki, şairlər, hansı yaşda olursa-olsun, adətən özlərini gənc hesab edir, bu baxımdan 50 yaş Əkbər Qoşalını nəhayət “tapdı”, deyək. 50-nin şairi axtarıb tapması “münasibətiylə” dostları bir neçə gündür ona ürək sözlərini, arzularını yazır. 

Sosial şəbəkədə də Əkbər Qoşalının ad günü təntənəsi yaşanır. Şairin dostları da çoxdur, sevənləri də. Geri qalmaq istəmirlər, şairə səmimi təbriklərini göndərirlər. “Şərq” də təbriklərə qoşulur və şairi 50 yaşının tamam olması münasibətiylə təbrik edir. Diqqətimizi çəkənsə 2 ustadın – Xalq yazıçısı Nəriman Həsənzadə və Anarın ürək sözləri oldu.     

  Ustad Nəriman müəllim təbrikində yazır ki, “əziz qardaşım, siz şərəfli əlli yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz. Bir növ “Seçilmiş əsərlər” təsiri bağışlayan “Ürək daşı” adlı kitabınızdakı şeirləri məmnuniyyətlə oxudum, bizim sonuncu Yazıçılar Qurultayında müasir poeziyamız barədə məruzəçi gözəl şairimiz İbrahim İlyaslının əhatəli ön sözünü də maraqla izlədim. Bütün bunlardan savayı, Şuşa haqqında yazdığınız şeirləri, poemaları görkəmli tənqidçimiz Vaqif Yusiflinin Türk dünyası ilə sizin geniş yaradıcılıq əlaqələrinizə həsr etdiyi həcmli təhlili də bu fikri hallandırır ki, sizin türkçülüyünüz və bütün yaradıcılığınız ədəbi hadisədir. Həm şəxsi, həm də ədəbi əlaqələriniz barədə deyilənlər, əlbəttə, məni sevindirir. Dünya Gəncləri Türk Yazıçılar Birliyinin fəxri başqanı kimi, ədəbi-ictimai-siyasi hərəkata rəhbərlik edirsiniz. Qardaş türk ölkələrinin dünyada türk həmrəyliyini elan etdiyi bir vaxtda, bu ədəbi-ictimai fəaliyyətiniz yəqin ki, böyük məna kəsb edir. ...Bu dünya köhnə dünyadı, siz onu təzə görə bilirsiniz, buna inandığınız üçün də oxucunu inandıra bilirsiniz. Məncə, bu, təbiidir. İstedadın gözü görür, qulağı eşidir, qəlbi də duyur...” 

  Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə Əkbər Qoşalını belə təbrik edib:  

Əkbər Qoşalının həm xalq şeirindən, folklordan qaynaqlanan, həm də sərbəst şeirimizin ənənələrinə söykənən poeziyası öz oxucusu ilə asanlıqla dil tapıb. Bəzən lirik səciyyəli, bəzən Vətənə, torpağa sevgidən ilhamlanan maraqlı şeirləri oxucularının qəlbini oxşayıb. Əkbər Qoşalı həm də o ədəbi isimlərdəndir ki, ömrünün düz yarısını yazıb-yaratmaqla yanaşı ardıcıl və məhsuldar şəkildə ədəbiyyatımızın təbliğinə, türkdilli ölkələr və xalqlar arasında ədəbi mübadilə işinin təşkilinə həsr edib. Bu işdə çoxlu uğurlar qazanıb. Əsərləri onlarla dilə tərcümə edilərək nüfuzlu dərgilərdə, ayrıca kitablar kimi nəşr edilib. Prezident təqaüdünə layiq görülüb. Əkbər həm ədəbiyyata, sözə, həm də həqiqi vətəndaş və ziyalı kimi dövlətə və xalqa səmimiyyətlə xidmət edib. Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi Əkbər Qoşalının 50 yaşı tamam olur. Əkbəri təbrik edirəm. Qoy ömrü bundan sonra da elə əvvəlki kimi dolğun, yaradıcılıq coşqusu ilə keçsin”. 
“Şərq” isə 
 “Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir, qol...
Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
  Ürəyim sol çəkir, sol...” misralarının müəllifinə gözü səyriyəndə şad xəbərlər almağı arzulayırıq. Ömrünüz uzun, canınız salamat olsun, Əkbər Qoşalı.